AZ

Azərbaycan hərbi əməkdaşlıq coğrafiyasını genişləndirir

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Sülh Qalxanı - 2026" adlı birgə əməliyyat-taktiki təlimində iştirak edir. Müdafiə Nazirliyinin məlumatına görə, təlimin əsas məqsədi iştirakçı ölkələrin antiterror əməliyyatları üzrə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhə töhfə vermək və təcrübə mübadiləsi aparmaqdır. "Sülh Qalxanı - 2026" təlimi Azərbaycan Ordusunun hərbi diplomatiyasında yeni və strateji bir mərhələni təmsil edir. Builki təlimlər, sadəcə, manevrlərdən ibarət deyil, daha çox çoxölçülü hibrid təhdidlərə qarşı hazırlığı da özündə ehtiva edir. Təlimlərdə Azərbaycan kontingenti yalnız iştirakçı kimi deyil, həm də taktiki qərarların verilməsində aktiv rol oynayan aparıcı element kimi çıxış edir. 

Təlimlərlə yanaşı, hər iki ölkənin müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsi yaradılıb. Komitənin ilk iclası 2026-cı ilin yanvarın 30-da Əbu-Dabidə keçirilib. İclasda hər iki ölkənin müdafiə qurumları arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. 

Xatırladaq ki, bu, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ilk hərbi təlim deyil. 2025-ci ilin 21-30 oktyabr tarixlərində ölkəmizdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələrin təlimi keçirilib. Zirehli texnika, ordu aviasiyası və pilotsuz uçuş aparatlarının cəlb edildiyi birgə XTQ təlimində bölmələr döyüş taktikaları üzrə atəş, desantlaşma, snayper fəaliyyəti, düşmən obyektlərinin sıradan çıxarılması, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. 

Birgə təlimlərin silsilə xarakter alması Azərbaycan və BƏƏ arasında strateji tərəfdaşlığın hərbi müstəviyə keçdiyini göstərir. Azərbaycan 44 günlük müharibədə qazandığı müasir döyüş təcrübəsini, xüsusilə PUA və xüsusi təyinatlıların tətbiqini BƏƏ ilə bölüşür. Qarşı tərəf isə ən son hərbi texnologiyalar və beynəlxalq təhlükəsizlik standartları sahəsində öz təcrübəsini təqdim edir.

Azərbaycan Ordusu artıq yalnız Türkiyə, digər türk respublikaları, yaxud yaxın region ölkələri ilə deyil, Körfəz regionunun aparıcı hərbi gücləri ilə də dərin inteqrasiyaya girir. Yəni Azərbaycanın xarici siyasətində hərbi əməkdaşlıq coğrafiyası yalnız türk dövlətləri ilə məhdudlaşmır. Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanı kimi ərəb ölkələri ilə də sülh və təhlükəsizlik naminə hərbi əməkdaşlıq gücləndirilir. Qətər Azərbaycanın hərbi sahədə ən yaxın tərəfdaşlarından biridir. 2025-ci ilin sentyabr ayında Bakıda keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrin təlimində Qazaxıstan, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlıları ilə bərabər, Qətər hərbçiləri də iştirak ediblər. Təlimdə xüsusi təyinatlı bölmələr döyüş taktikaları üzrə atəş, paraşüt, snayper, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Səudiyyə Ərəbistanı ilə əlaqələr daha çox kəşfiyyat, hərbi təhsil və minalardan təmizləmə sahələrini əhatə edir. 

Birgə təlimlərdə məqsəd regional təhlükəsizliyin gücləndirilməsi və müxtəlif ölkələrin xüsusi təyinatlıları arasında operativ koordinasiyanın təmin edilməsidir. 

Azərbaycan bu təlimlər vasitəsilə regionda və islam dünyasında sülhün qorunması, terrorizmə qarşı mübarizə və hərbi təcrübə mübadiləsi sahəsində multivektorlu siyasət yürütdüyünü nümayiş etdirir. Bu əməkdaşlıqlar həm də Azərbaycanın müdafiə sənayesi məhsullarının ərəb ölkələri bazarına çıxarılması və yeni texnologiyaların mənimsənilməsi baxımından da əhəmiyyətlidir.

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Seçilən
21
azerbaijan-news.az

1Mənbələr