BAKI, 3 fevral. TELEQRAF
Böyük Britaniya şahzadəsi Endryu Mauntbetten-Vindzorun keçmiş həyat yoldaşı Sara Ferqyuson tərəfindən yaradılan “Sarah’s Trust” xeyriyyə fondu fəaliyyətini dayandırır.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Fondun rəsmi nümayəndəsinin bildirdiyinə görə, Sara Ferqyuson və qəyyumlar şurası təşkilatın bağlanması barədə razılığa gəlib. Qeyd olunub ki, bu qərar son aylar ərzində müzakirə olunurdu və fond son illərdə həyata keçirdiyi fəaliyyətlə fəxr edir.
Məlumata əsasən, “Sarah’s Trust” 20-dən çox ölkədə 60-dan artıq xeyriyyə təşkilatı ilə əməkdaşlıq edərək təhsil, səhiyyə, fövqəladə vəziyyətlərə reaksiya və ətraf mühit sahələrində layihələr icra edib.
Fondun bağlanması Sara Ferqyusonun pedofiliyada ittiham olunmuş amerikalı maliyyəçi Ceffri Epşteynlə yaxın münasibətləri barədə yeni məlumatların dərc edilməsindən sonra baş verib. Yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi Epşteyn dosyesindəki bütün sənədlərin açıqlandığını bildirib. Sənədlər arasında Ferqyusonun 2010-cu ildə Epşteynlə yazışmaları da yer alıb.
Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ilin iyulunda Nyu-York ştatında saxlanılmış, azyaşlı qızların istismarı ilə bağlı ittiham olunmuşdu. Həmin ilin avqustunda o, həbsxana kamerasında intihar edib və bundan sonra cinayət təqibi dayandırılıb.
Qeyd edək ki, Epşteyn işi ilə bağlı qalmaqal 2019-cu ildə şahzadə Endryunun kral ailəsində rəsmi vəzifələrdən imtina etməsi ilə nəticələnmişdi. Daha sonra o, hərbi fəxri adlarından və bir sıra ictimai təşkilatların himayədarlığından məhrum edilib. 2025-ci ilin payızında Bukingem sarayı Endryunun “şahzadə” titulundan da məhrum ediləcəyini açıqlayıb.
Sara Ferqyuson və şahzadə Endryu 1986-cı ildə evlənib, 1996-cı ildə boşanıblar. Onların iki övladı var. Ferqyuson uzun müddət York hersoginyası titulunu daşısa da, bu titulu 2025-ci ilin oktyabrında istifadə etməyi dayandırıb.