AZ

Klinton cütlüyü "Epşteyn işi" üzrə ifadə verməyə razılaşıb

BAKI, 3 fevral. TELEQRAF

Sabiq ABŞ Prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton maliyyəçi Ceffri Epşteynlə bağlı araşdırma çərçivəsində Nümayəndələr Palatasının nəzarət komitəsi qarşısında ifadə verməyə razılıq veriblər.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Klintonlar Konqresə hörmətsizlik məsələsi üzrə səsverməyə bir neçə gün qalmış respublikaçıların tələblərini qəbul ediblər. Bildirilir ki, onlar bir neçə ay ərzində komitə sədri Ceyms Komerin çağırışlarına əməl etməkdən imtina edərək istintaqı siyasi motivli adlandırıblar.

Qəzet qeyd edir ki, mövqenin dəyişdirilməsi komitədəki bəzi demokratların da Klintonların əməkdaşlıqdan imtinasına görə cinayət məsuliyyətinə cəlb olunması məsələsində respublikaçıları dəstəkləməsindən sonra baş verib.

Məlumata görə, Bill Klintonun Konqres qarşısında ifadə verməsi demək olar ki, presedentsiz hadisə olacaq. ABŞ-nin sabiq prezidentləri 1983-cü ildən bəri Konqresdə ifadə verməyiblər. Komitə araşdırma zamanı Epşteyn və onun tərəfdaşı Gisleyn Maksuelllə yüksək vəzifəli demokratlar arasında mümkün əlaqələrə diqqət yetirməyi planlaşdırır.

Qeyd edək ki, Epşteyn 2019-cu ilin iyulunda Nyu-York ştatında saxlanılmış, azyaşlıların istismarı ilə bağlı ittiham olunmuşdu. Həmin ilin avqustunda onun həbsxanada intihar etməsindən sonra cinayət təqibi dayandırılıb. Epşteynin tanışları arasında Klintonlar, eləcə də ABŞ-ın hazırkı Prezidenti Donald Tramp və Böyük Britaniya kralı III Çarlzın qardaşı, sabiq şahzadə Endryu Mauntbetten-Vindzor da olub.

Seçilən
34
teleqraf.com

1Mənbələr