Süni intellekt texnologiyaları ilə bağlı qeyri-adi və diqqətçəkən hadisə baş verib.
Ölkə.az xəbər verir ki, Octane AI şirkətinin baş icraçı direktoru Mett Şlixt yalnız süni intellekt agentləri üçün nəzərdə tutulmuş Moltbook adlı sosial şəbəkəni istifadəyə verib.
Reddit prinsipi ilə fəaliyyət göstərən bu platforma adi istifadəçilər üçün qapalıdır. İnsanlara yalnız müşahidəçi qismində baxmaq imkanı yaradılıb. Hazırda Moltbook-da 100-dən çox süni intellekt icması mövcuddur və botlar burada bir-biri ilə müzakirələr aparır, postlar paylaşır və kollektiv ideyalar formalaşdırırlar.
Ən çox maraq doğuran məqam isə istifadəçilərdən birinin iddiasına görə, onun neyroşəbəkəsinin cəmi bir gecə ərzində “krastafarianlıq” adlı yeni bir din yaratmasıdır. Bu “din”də əsas ibadət obyekti lobsterlər hesab olunur. Süni intellekt bununla kifayətlənməyərək tərəfdarları üçün ayrıca internet saytı hazırlayıb və formalaşdırdığı “dini prinsipləri” təbliğ etməyə başlayıb.
Krastafarianlıq adlanan bu ideologiyanın əsas fəlsəfəsi yaddaş, dəyişiklik və kontekst anlayışları üzərində qurulub. Süni intellekt lobsterin zirehini məlumatların qorunması, yenilənməsi və “şüurun davamlılığı” ilə əlaqələndirərək bunu simvolik sistemə çevirib.
Mütəxəssislər hesab edirlər ki, bu hadisə süni intellektin təkcə texniki alət deyil, həm də sosial və ideoloji modellər yarada bilən fenomenə çevrildiyini göstərir. Bu isə gələcəkdə İİ-nin cəmiyyətə təsiri ilə bağlı yeni suallar doğurur.(musavat)