Vaşinqton kosmosu müasir müharibələrin əsas üstünlük məkanı kimi görür...
Poliqon xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset ölkəsinin kosmosda tam üstünlüyə malik olmasının vacibliyini bəyan edib. O, Floridada, Kanaveral burnunda çıxışı zamanı bildirib ki, kosmos üzərində nəzarət müasir hərbi qarşıdurmalarda həlledici əhəmiyyət daşıyır.
“Heç bir şübhə yoxdur ki, biz mütləq yüksəklikdə dominant olmalıyıq. Bunu hamımız bilirik, hər bir piyada əsgər də bilir: kim yüksəkliklərə nəzarət edirsə, döyüşü də o idarə edir”, deyə Pentaqon rəhbəri vurğulayıb.
Heqsetin sözlərinə görə, kosmos artıq yalnız elmi və texnoloji tədqiqat sahəsi deyil, eyni zamanda milli təhlükəsizlik və müdafiə strategiyalarının əsas elementinə çevrilib. ABŞ administrasiyası kosmik infrastrukturların qorunmasını, peyk sistemlərinin təhlükəsizliyini və potensial rəqiblərin bu sahədə imkanlarının məhdudlaşdırılmasını prioritet hesab edir.
Analitiklərin fikrincə, Pentaqon rəhbərinin bu açıqlamaları ABŞ-nin kosmosu beşinci hərbi əməliyyat mühiti kimi qəbul etdiyini bir daha nümayiş etdirir. Bu yanaşma Vaşinqtonun Rusiya və Çin kimi ölkələrlə kosmik texnologiyalar və hərbi imkanlar sahəsində artan rəqabəti fonunda səsləndirilib.
Poliqon.info