AZ

Modi Trampın Hindistanın Rusiya neftindən imtinası ilə bağlı sözlərini şərh etməyib

ABŞ prezidenti ilə danışıqlardan sonra Hindistanın baş naziri yalnız ticarət güzəştlərinə toxunub...

Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra Vaşinqtonun Nyu-Dehlinin Rusiya neftinin alınmasından imtina etməsi ilə bağlı iddialarına münasibət bildirməyib.

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti" Agentliyi məlumat yayıb.

Modi ABŞ tərəfinin Hindistanda istehsal olunan mallara tətbiq ediləcək güzəştli ticarət rejimi ilə bağlı mövqeyini təsdiqləyib. Onun sözlərinə görə, ABŞ bazarında Hindistan məhsulları üçün “azaldılmış tarif güzəştləri” qüvvədə olacaq. Hindistanın baş naziri bu qərara görə Donald Trampa təşəkkür edib, lakin Rusiya neftinin idxalı məsələsinə toxunmayıb.

Xatırladaq ki, fevralın 2-də Donald Tramp Narendra Modinin Rusiya neftinin alınmasını dayandırmağa razılaşdığını iddia etmişdi. ABŞ prezidenti söhbəti “ölkəsinin nüfuzlu və hörmətli liderlərindən biri” və “ən yaxşı dostlarından biri” ilə aparmağın onun üçün şərəf olduğunu bildirmişdi.

Bundan əvvəl Reuters agentliyi məlumatlı mənbələrə istinadla yazmışdı ki, Hindistanın ən böyük neft-qaz şirkəti olan Indian Oil Rusiya neftindən imtina məqsədilə BƏƏ, Braziliya və Anqoladan ümumilikdə 7 milyon barel yanacaq alıb. Mənbələrin bildirdiyinə görə, bu addım ABŞ-nin sanksiya siyasəti fonunda Hindistanın enerji tədarükünü şaxələndirmək cəhdlərinin tərkib hissəsidir.

Analitiklər qeyd edirlər ki, Hindistan indiyədək Rusiya neftinin əsas alıcılarından biri olaraq qalır və Moskva ilə enerji əməkdaşlığı Nyu-Dehli üçün həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyır. Buna görə də rəsmi Dehlinin bu mövzuda ehtiyatlı mövqe tutması və açıq bəyanatlardan yayınması diqqət çəkir.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr