AZ

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır -

“Azərbaycanda gənclər siyasətinin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Təsadüfi deyil ki, müstəqil Azərbaycanda ilk yaradılan nazirlik məhz Gənclər və İdman Nazirliyi olub. 1994-cü ildə ulu öndərin fərmanı ilə təsis edilən bu qurum ümummilli lider Heydər Əliyevin Azərbaycanın gələcəyində gənclərin rolunu əvvəlcədən düzgün qiymətləndirdiyini göstərirdi. Bu addım gənclərə yönəlmiş ən mühüm və strateji investisiya idi”.Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı danışarkən səsləndirib. O bildirib ki, sonrakı illərdə gənclər forumlarının keçirilməsi, Avropada ilk dəfə olaraq məhz Azərbaycanda Gənclər Gününün təsis edilməsi bu siyasətin davamı oldu:“Beynəlxalq Gənclər Günü bir neçə il sonra BMT tərəfindən qəbul edilib və hazırda 12 avqust tarixində qeyd olunur. Bu da göstərir ki, Azərbaycan gənclər siyasəti sahəsində bir çox ölkələri qabaqlayaraq irəliləyişə nail olub. Bu uğurlu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələdə, müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Hazırda Azərbaycanda gənclərlə bağlı çoxsaylı dövlət proqramları mövcuddur və Prezidentin gənclərə müraciətlərində də bu məsələlər xüsusi vurğulanır. Dövlət proqramları gənclərimizin hərtərəfli inkişafına ciddi təsir göstərmiş, bu prosesdə əsas lokomotiv rolunu oynamışdır. Bu gün Azərbaycan gəncliyi ictimai-siyasi, sosial və mədəni-humanitar sahələrdə fəal bir təbəqə kimi çıxış edir”.Deputat Vətən müharibəsi dövründə Azərbaycan gənclərinin onlara göstərilən bu diqqət və investisiyaların real nəticələrini əyani şəkildə ortaya qoymalarından da danışıb:“Onlar vətənpərvərliklərini canları və qanları bahasına sübut etdilər. Bu gün isə gənclərin hərtərəfli inkişafı, xaricdə təhsil imkanları, eləcə də əmək bazarında daha fəal iştirakları ilə bağlı mühüm proqram müddəaları mövcuddur. Bununla yanaşı, gənclər mövcud problemləri də açıq şəkildə dilə gətirirlər. Xüsusilə əmək bazarında gənclərin işlə təmin olunması, ixtisas və peşələrinə uyğun iş tapmaq məsələsində müəyyən çətinliklər qalmaqdadır. Bu problemlərin həlli istiqamətində dövlətin müvafiq qurumları məqsədyönlü şəkildə çalışırlar. Özünüməşğulluq proqramları, subsidiyalar və digər mexanizmlər təkcə şəhərlərdə deyil, regionlarda və kəndlərdə yaşayan gənclərin də bu imkanlardan yararlanmasına xidmət edir. Eyni zamanda, gənclərin bu imkanlar barədə daha çox məlumat əldə etməsi də vacibdir, çünki bir çox hallarda problemlərin kökündə məhz məlumat çatışmazlığı dayanır. Bu baxımdan, dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti, gənclərin öz təşkilatları da daha aktiv olmalıdır. Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və müxtəlif gənclər təşkilatları əlaqələndirilmiş şəkildə həm dövlətin gənclər siyasətini, həm də qlobal proseslər fonunda gənclərin mövqeyini formalaşdırmaq istiqamətində mühüm işlər görürlər”.V.İskəndərov qeyd edib ki, bugünkü Azərbaycan gənci savadlı və vətənpərvərdir:“Cənab Prezident İlham Əliyev Azərbaycan gənclərinə güvənir və onların dövlət və digər qurumlarda irəli çəkilməsi üçün ardıcıl addımlar atılır. Gənclər aqrar sahədə, sahibkarlıqda, elmdə mühüm nailiyyətlər əldə edirlər, gənc fermerlərin, gənc iş adamlarının və gənc alimlərin sayı durmadan artır. Bütün bunlar Azərbaycanın müasir reallıqlarıdır. Qarşıda yeni hədəflər dayanır. Azərbaycan gənci savadlı, vətənpərvər olmalı, milli kimliyini dərindən dərk edərək dövlətimizin hərtərəfli inkişafına öz töhfəsini verməli və ona göstərilən etimadı mütləq şəkildə doğrultmalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
26
1
metbuat.az

2Mənbələr