Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov bildirib ki, Vladimir Zelenski Vladimir Putinlə danışıqlar aparmaq istəsə, danışıqların Moskvada keçirilməsi mövqeyində qalır.
O, qeyd edib ki, 1 fevrala qədər davam edən “enerji atəşkəsi” ilə bağlı əvvəllər bildirdiyi məsələlərə əlavə edəcək bir şey yoxdur. Peskov həmçinin Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin Mayamiyə səfəri barədə ətraflı məlumat verməkdən imtina edərək, həm Dmitriyevin, həm də Stiv Vitkoffun danışıqlara konseptual qiymət verdiyini bildirib.
“Ukrayna nizamlanması çox mürəkkəb, çoxşaxəli bir prosesdir. Bəzi məsələlərdə müzakirələr və söhbətlər sayəsində yaxınlaşmışıq. Bəzi məsələlərdə ortaq məxrəc tapmaq daha asandır. Ortaq məxrəc tapmaq daha çətin olan məsələlər də var. Orada hələlik yaxınlaşma elan edilə bilməz. Bu, çox mürəkkəb bir prosesdir”, – deyə o bildirib.
Peskovun sözlərinə görə, Dmitriyev iqtisadi əməkdaşlıq üzrə işçi qrupuna rəhbərlik edir və bu məsələlər əsasən onun səlahiyyətlərinə daxildir. Peskov həmçinin Fransanın Rusiya ilə ünsiyyət kanalı yaratmaq ideyasını da düzgün adlandırıb. Lakin hazırda Putinlə Fransa prezidenti Emmanuel Makron arasında əlaqələrin necə təşkil ediləcəyi ilə bağlı heç bir konkret məlumat yoxdur.
//Samir Qurbanov, Editor.az