AZ

“Üç fənn şagirdin ümumi səviyyəsini ölçə bilməz” – Ramin Nurəliyev

"Buraxılış və blok imtahanlarında bəzi hallarda qarışıqlıq ola bilir. Məsələn, baxırsan ki, uşaq 400–450 bal qəbul imtahanında toplayıb, amma buraxılış imtahanındakı nəticələri ürəkaçan deyil və yaxud da məktəbdəki qiymətləri ürəkaçan deyil. Və yaxud qiymətləri yaxşıdır, amma topladığı bal aşağıdır. Burada müəyyən qədər bir təzad formalaşır. Amma unutmamaq lazımdır ki, orta ümumtəhsil məktəbində alınan qiymətlərlə qəbul imtahanındakı ümumi bal fərqli ola bilər. Çünki orta ümumtəhsil məktəbində şagird bu gün verilən dərsi sabah gedib təkrarlayıb, gəlib cavab verə bilər və aldığı qiymətlər də üst-üstə gəlib yekunda ümumi qiyməti ortaya çıxarda bilər. Misal üçün, uşaq hər dəfə beş ala bilər və yaxud da əzbərçi uşaqdır, əzbərləyir hər hansı bir mövzunu, gələr, səhəri danışar və beş qiymətini ala bilər. Amma qəbul imtahanı belə deyil, çünki qəbul imtahanı beşinci sinifdən 11-ci sinfə qədər ümumi proqramı əhatə edir. Yəni uşağın müəyyən bir vaxt oxuduğu bir ay, iki ay sonra yadından çıxa bilər. Ona görə də nəticəsi aşağı ola bilər. Yaxud ki, orta məktəb dərslərinə diqqət ayırmayıb, qəbul imtahanlarına daha çox hazırlaşıb, qəbul imtahanlarında daha yaxşı nəticə əldə edə bilər, orta məktəbdə isə aşağı qiymətlər ala bilər. Yəni bu fərqlilik ola bilər, düşünürəm. Amma ümumi olaraq, buraxılış imtahanları şagirdin orta məktəbdəki ümumi fəaliyyətini əslində ölçmür. Çünki orta məktəbdə şagirdin hardasa 15-20 dərs saatı ərzində öyrəndiyi dərslər var, amma buraxılış imtahanı üç fəndəndir. Yəni üç fənn ümumi şagirdin göstəricisinin nəticəsi ola bilməz. Bəzi hallarda valideynlər, müəllimlər və Dövlət İmtahan Mərkəzindən belə səslənir ki, buraxılış imtahanında zəif nəticə göstərən uşağın məktəbdəki qiymətləri niyə yaxşıdır. Ola bilər, normal bir şeydir".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, Azərbaycanda şagirdlərin təhsil sistemi boyunca qarşılaşdığı imtahanlar həm valideynlərin, həm də müəllimlərin diqqət mərkəzindədir. Xüsusilə buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanları arasındakı fərqlər uzun müddətdir narahatlıq doğurur. Buraxılış imtahanları şagirdin məktəb proqramını mənimsəyib-mənimsəmədiyini ölçür, qəbul imtahanları isə daha çox rəqabət və yüksək bal üzərində qurulur. Bu fərq bəzən yüksək nəticə göstərən şagirdlərin qəbul imtahanında eyni uğuru qazana bilməməsinə səbəb olur və ailələr, müəllimlər arasında anlaşılmazlıq yaradır.

Ekspert qeyd edib ki uşaq orta məktəbdə dərslərə diqqət yetirir tapşırığı və dərsi hazırlayır gəlib təqdim edir və yüksək qiymət alır bu qiymətlər isə ümumi olaraq şagirdin attestatına daxil edilir

Seçilən
24
aznews.az

1Mənbələr