AZ

İranda zorakılıq vətəndaş müharibəsinə yol aça bilər

ABŞ regionda hərbi mövcudluğunu artırdıqca, rejimin son etirazlara cavabı İran cəmiyyətini daha da radikallaşdırır...

The Economist nəşri

“Nökərini qorxu içində saxla, amma nifrət oyatmaqdan hər vəchlə çəkin, çünki nifrət sonda hökmdarın süqutuna səbəb olur”.

Bu sözlər Nikolo Makiavelliiyə aiddir və bu meyara görə, İranın ali dini lideri ayətullah Əli Xamenei uğursuzluğa düçar olur. İnternet blokadasının pərdəsi bir qədər qalxdıqca aydınlaşır ki, etirazları boğmaq üçün törədilən qətllər qorxu deyil, daha çox qəzəb yaradır. Hüquq-müdafiə təşkilatları son etirazlar zamanı 6 500-dən çox insanın öldüyünü təsdiqləyib, daha 17 000 nəfərin həlak olması ilə bağlı məlumatlar isə yoxlanılır. Böyük Britaniyadan yayımlanan müxalif “Iran International” telekanalı ölənlərin sayını 36 500-dən çox qiymətləndirir. Qohumlar cəsəd dolu kisələrin arasında yaxınlarını axtarır, sonra isə meyitləri təhvil almaq üçün onları öldürən güllələrin pulunu ödəməyə məcbur qalırlar.

Şahidlər etirazların və onların amansız şəkildə yatırılmasının nəticələrini döyüş meydanını xatırladan mənzərə kimi təsvir edirlər: yandırılmış banklar və məscidlər, aşırılmış təhlükəsizlik qüvvələrinin avtomobilləri. Onlardan biri bildirir ki, İranın ikinci ən böyük şəhəri və klerikal rejimin dayaq nöqtəsi olan Məşhəddə universitet muzeyi xarabalığa çevrilib.

“Zülm və nəzarət aləti olan hər şey məhv edildi”, deyə etiraz iştirakçısı qeyd edib.

Hakimiyyətin ölüləri təhqir etməsi, onsuz da zorakılığa meyllənmiş cəmiyyəti daha da radikallaşdırır. ABŞ rejimə qarşı birbaşa müdaxilə etməsə belə, bu qədər qan töküləndən sonra İran dövlət kimi necə mövcudluğunu qoruya bilər?

Yanvarın 8-də bir neçə saat ərzində etirazçılar Tehranın və digər şəhərlərin küçələrinə nəzarəti ələ alıblar.

“Küçələrdən keçmək mümkün deyildi. Hər yerdə od, dağıntılar, kərpiclər, daşlar vardı. İrəlilədikcə insanlar yol nişanlarını əyir, sındırır və bütün zibil qutularını yandırırdılar. Bütün yol müşahidə kameraları məhv edilmişdi. Bu vandalizm inanılmaz və gözəl idi”, deyə həmin etirazçı xatırlayır.

Bir neçə şahidin sözlərinə görə, bıçaqlarla silahlanmış maskalı şəxslər rejimin könüllü dəstələri olan basic üzvlərini öldürüblər.

“Bu artıq vətəndaş müharibəsidir. Sadəcə biz onu belə adlandırmırıq”, deyə Məşhəddə yaşayan gənc qadın bildirir.

Ölkənin zorakılıqla dağılması qorxusu iranlıları uçurumun kənarından geri çəkə bilərmi? Hələlik bunun əlamətləri azdır. Böyük, çoxmillətli və çoxkonfessiyalı bu dövlətdə parçalanmalar dərinləşir. Hakimiyyət və onun əleyhdarları bir-birini muzdlular cəlb etməkdə ittiham edir: etirazçılar İraqdan olan şiə döyüşçülərindən, rejim isə İsrail agentlərindən danışır. Hər iki tərəf daha çox zorakılıqla hədələyir. Sonuncu şahın oğlu Rza Pəhləvi iranlıların rejimə qarşı özünümüdafiə hüququnu vurğulayır və ABŞ-ni zərbə endirməyə çağırır.

Əlləri qana batmış rejimin kompromisə maraqlı olmadığı görünür. Xameneinin teokratik-demokratik hibrid sistemi təhlükəsizlik dövlətinə çevrilib. Səmada dronlar patruliuq edir. Mobil telefonların seçmə yoxlanışı “etibarsız” baxışlara malik insanları üzə çıxarır. Üç həftəlik internet blokadası rəqəmsal iqtisadiyyatı iflic edib, iqtisadi təcridi və böhranı dərinləşdirib. Yanvarın 27-də rial hətta zəifləyən dollara nisbətən də tarixi minimuma düşüb.

Etirazçıların iqtisadi çətinliklərinə anlayış ifadə edən ilk rəsmi açıqlamalar artıq yoxa çıxıb. İndi bütün müxaliflər “terrorçu” adlandırılır. Rejimə sadiq islahatçı müxalifət prezident Məsud Pəzeşkianın prezident seçilməsi ilə neytrallaşdırılıb. Daha cəsarətli səslər susdurulub. Keçmiş prezident Həsən Ruhani, həm SEPAH-a, həm də ali liderə meydan oxuyan siyasətçi, məlumatlara görə, ev dustaqlığındadır. Onun müttəfiqlərinə ölkədən çıxış qadağan edildiyi bildirilir.

Bu arada, İran daxilində və xaricində monarxiya tərəfdarları getdikcə daha çox iddia edirlər ki, bu miqyasda öldürməyə hazır olan rejimə qarşı etirazlar faydasızdır. Bir çoxları ordunun və ya polisin, Suriyada Əsədlərə qarşı üsyan zamanı olduğu kimi, xalqın tərəfinə keçəcəyinə ümidini itirib. ABŞ hərbi gücünü artırsa da, rejim əleyhdarları Donald Trampın kömək vədini yerinə yetirib-yetirməyəcəyinə şübhə edirlər. Nəticədə etirazçılar və sürgündəki müxalifət qurbanların qisasını almaq üçün silaha sarılmağa çağırışları artırır. Etirazların baş verdiyi, tayfa bağlarının və silaha hörmətin güclü olduğu Lorestan və İlam kimi əyalətlərdə ağsaqqallar sosial şəbəkələrdə hərbi geyimdə, tüfənglə görünərək qisas andı içirlər.

“Növbəti dəfə, əmioğlanlarım deyir ki, Molotov kokteyllərini pulemyotlarla əvəz edəcəklər. Bu qırğına görə onların hər biri öldürülməlidir”, deyə şərq şəhərlərindən birindən olan tələbə narahatlıqla bildirir.

Etirazlar Liviyada və Suriyada olduğu kimi silahlı üsyana çevrilə bilərmi? Xaricdəki bəzi monarxiya tərəfdarları artıq İrana silah ötürməyin və İsrailin dəstəyini qazanmağın yollarını müzakirə edirlər. Lakin 2010–2012-ci illərin “ərəb baharı” zamanı Yaxın Şərqin digər bölgələrində silahlı mübarizəyə keçidin onillik vətəndaş müharibəsi, kütləvi köç və orta gəlirli ölkələrin dağılması ilə nəticələndiyini xatırlayan azdır.

Keçmişdə İranda etirazlara adətən orta sinif rəhbərlik edirdi. Amma yoxsullaşma onun sıralarını daraldıb və indi etirazçılar rejimin əvvəl dayağı saydığı təbəqələrdən çıxır. Böyük Britaniyada sürgündə yaşayan iranlı jurnalistin sözlərinə görə, sərt və populist keçmiş prezident Mahmud Əhmədinejadın bir çox tərəfdarı indi Pəhləvini dəstəkləyir. Onlar dini simvolikadan imtina edərək aslan və günəşli monarxiya rəmzlərinə üstünlük verir, şüar və həştəqləri isə açıq-aşkar antiislam xarakteri daşıyır.

“Hər dirək üçün bir molla”, deyə bir şüarda yazılır. Digər bir şüarda isə “Quranı yandırın”, yazılıb.

Bu fonda 1906-cı il konstitusiya inqilabından bəri davam edən təmsilçilik mübarizəsinə sadiq qalan və əvvəlki dinc etirazlara rəhbərlik etmiş səslər boğulur. Demokratik respublika tərəfdarı olan bir çox siyasi məhbusun azad edilməsi çağırışları zəifləyir. Xaricdən yayımlanan müxalif peyk kanalları 15 ildir ev dustaqlığında olan keçmiş prezidentliyə namizəd Mir-Hüseyn Musəvinin Xamenei və ətrafının istefasına çağırışını belə görməzdən gəlib. Monarxiyadan başqa alternativdən danışan hər kəs fitə basılır.

“Onlara yalnız Pəhləvi lazımdır. Bizə sadəcə danışmağa imkan vermirlər”, deyə 2022-ci ildə məcburi hicaba qarşı qadın etirazlarında iştirak etmiş müəllimə deyir.

Qisas zəminində qətllər qorxusu artır, kapital və insan axınının qaçılmaz olacağı proqnozlaşdırılır. Türkiyə qaçqın axınından qorunmaq üçün bufer zona yaratmaq imkanını nəzərdən keçirdiyini açıqlayıb.

Bəs Tramp bu dalanı yara bilərmi? Onun armadası İran sahilləri yaxınlığında toplanır. Xameneinin mümkün ABŞ zərbəsini gözləyərək möhkəmləndirilmiş bunkerdə yerləşdiyi bildirilir. Qərb ölkələri keçmişdə İran liderlərini devirməyə cəhd edib: Böyük Britaniya və ABŞ XX əsrdə 1921, 1941 və 1953-cü illərdə üç çevrilişdə iştirak ediblər.

Lakin məhz bu çevrilişlərə qarşı qəzəb 1979-cu il inqilabını qismən qidalandırmışdı. Xarici müdaxilənin nəticələri gözlənilməzdir. Qərbin İraq və Liviyada tiranları devirməsindən sonra yaranan xaos da xəbərdarlıq rolunu oynayır. Xameneinin getməsi də rejim əleyhdarlarını qane etməyəcək, onlar onun qurduğu bütün sistemin çökməsini istəyirlər. Eyni zamanda, İran hakimiyyəti 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra İraqda baş verənləri görüb. Onlar böyük ehtimalla hakimiyyətlərini və aktivlərini qorumaq üçün mübarizə aparacaqlar. Hər halda, qarşıda xaos görünür.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr