Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında gənclərin məşğulluğu, əmək bazarındakı çağırışlar və yeni tendensiyalar mövzusuna həsr edilmiş “Gənclər və Əmək Bazarı” Forumu baş tutdu.
"Unikal" xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olundu.
Forumda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev və AƏSMA-nın təlim-tərbiyə işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Fərid Babayev çıxış edərək gənclərin əmək bazarına inteqrasiyasının dövlət prioritetləri sırasında olduğunu vurğuladılar.
Daha sonra “Gənclər və Əmək Bazarı” mövzusunda Davos üslublu panel müzakirə keçirildi. Paneldə BMT Komitəsinin sədr müavini Nadir Adilov, AHİK nümayəndələri Bənövşə Babayeva və Camaləddin Quliyev, həmçinin Dövlət Məşğulluq Agentliyinin departament direktoru Saleh Həsənov gənclərin sosial-iqtisadi inkişafı, karyera trendləri, süni intellekt inqilabı, peşəyönümü və məşğulluq imkanları barədə fikir mübadiləsi apardılar.
Forum çərçivəsində canlı interaktiv səsvermə təşkil olunaraq 2026–2030-cu illər üçün gənclər üçün ən vacib bacarıqların qiymətləndirilməsi həyata keçirildi. Ardınca Akademiya tələbəsi Cəmilə Məmmədlinin ifasında bədii proqram təqdim olundu.
Tədbirin davamında tələbələrin STARTUP layihələri nümayiş etdirildi. Tələbələr məkanların rezervasiya sistemindən tutmuş tələbə–işəgötürən platformasına qədər müxtəlif innovativ ideyalarını təqdim etdilər.
Forumun sonunda layihə müəllifləri və fəal tələbələr AƏSMA rəhbərliyi tərəfindən sertifikatlarla təltif olundular. Tədbir xatirə fotosu və rəsmi bağlanışla yekunlaşdı.