AZ

ABŞ-İran gərginliyində ən real mövqe budur - İlham Əliyev nə dedi?...



Azər Həsrət: “Azərbaycan ABŞ və İsraillə danışıqlar aparıb onları mümkün hücumlardan çəkindirə bilər”

Məlum olduğu kimi, Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiana zəng edib.

Söhbət zamanı Prezident Əliyev bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib. O, ölkəsinin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb. İki ölkə arasında dostluq, qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barəsində fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

Maraqlıdır, Azərbaycan gərginliyin aradan qaldırılmasına hansı töhfəni verə bilər?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Azər Həsrətin fikrincə, əslində İran özü maraqlı olmalı idi Azərbaycan Prezidentindən bununla bağlı xahiş etməyi: “Çünki Azərbaycanın həqiqətən çox gözəl təcrübəsi, eyni zamanda da üstün əlaqələri var. Konkret olaraq söhbət nədən gedir? Əlbəttə ki, İranla qarşıduran tərəflərdən gedir. İsrail dövləti ilə Azərbaycanın çox gözəl münasibətləri var. Ölkəmizin rəhbərliyinin, İsrail rəhbərliyi ilə anlaşma problemi yoxdur. Eyni zamanda Birləşmiş Ştatlar prezidenti Donald Trampla İlham Əliyevin münasibətləri çox yaxındır, dostdurlar və bir-birlərinin sözünə dəyər verirlər. Belə bir şəraitdə İrana hücuma hazırlaşan ABŞ və İsraillə kim danışa bilər? Əlbəttə, Prezident İlham Əliyev. O baxımdan hesab edirəm ki, əslində İran tərəfi özü bu cür vasitəçiliklə bağlı xahiş etməli idi. Əfsuslar olsun ki, İranda ali dini rəhbərlik dərin dövlət siyasətinin nə olduğunu bilmir. Ancaq Prezident Əliyev böyüklük edərək bu təklifi verib. Bunu dəyərləndirib-dəyərləndirməmək özlərindən asılıdır. Əgər dövlət ağlı ilə hərəkət edərlərsə, Əliyevin onlara tanıdığı bu şansı uyğun şəkildə dəyərləndirəcəklər. Nəticədə gərginlik aradan qalxacaq. Yox əgər dəyərləndirməyəcəklərsə, o zaman nəticələrinə qatlanmaq məcburiyyətindədirlər. Azərbaycan tərəflər arasında uğurlu vasitəçi ola bilər. Bunun sayəsində İrana zərbələrin qarşısını almaq mümkündür. Ancaq bunun üçün gərək İran danışıqlarda real addımlar atmalıdır, müəyyən güzəştlərə getməlidir. İranda ölkəmizə qarşı müəyyən dairələr daim qərəzli məlumatlar yayırlar. Halbuki, Azərbaycan heç vaxt öz ərazisini anti-İran qüvvələr üçün plasdarıma çevirməyib. Yəni bizim ərazimizdən müstəqillik dönəmində heç vaxt, heç bir dövlət İrana qarşı istifadə edə bilməyib. O cümlədən də İsrail və ABŞ. İndi də Azərbaycan buna şərait yaratmır. Əksinə, Azərbaycan istəyir ki, tərəflər arasında toqquşma baş verməsin. Sülhün bərqərar olması üçün töhfə verməyə çalışır. Azərbaycan ABŞ və İsraillə danışıqlar aparıb onları mümkün hücumlardan çəkindirə bilər. İkincisi, İrandan tələb olunanların həllində yardımçı olmaq. Çünki mütərəqqi dünya İranın normal dövlətə çevrilməsini tələb edir. Bu da İranın dünyəvi dövlətə çevrilməsindən keçir. Bunlara İran gedərsə, gərginliyi aradan qaldırmaq olar”.

Vidadi ORDAHALLI

Seçilən
9
baki-xeber.com

1Mənbələr