AZ

Pezeşkianın göstərişi: Müharibəni yaxınlaşırdıra bilər

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara başlamaqla bağlı rəsmi göstəriş verib. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə SEPAH-a yaxın “Fars News” agentliyi hökumətdəki mənbəyə istinadla məlumat yayıb. Qeyd edilir ki, prezident nüvə məsələsi üzrə danışıqlar prosesinin başlanması ilə bağlı tapşırıq verib və İran tərəfi ABŞ ilə nüvə proqramı çərçivəsində müzakirələr aparmağa hazırdır. 

Hökumətdəki mənbənin sözlərinə görə, ABŞ ilə ilkin təmaslar yaxın günlərdə Türkiyədə baş tuta bilər. Görüşün ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof və İranın xarici işlər naziri Abbas Əraqçı arasında keçiriləcəyi ehtimalı var. Qeyd edək ki, İranın ali lideri Ayətullah Seyid Əli Xameneyi ABŞ-nin hücumunun regional müharibəyə səbəb ola biləcəyini deyib. 

Buna cavabında ABŞ Prezidenti Donald Tramp tərəflər arasında razılaşma əldə olunacağına ümid etdiyini deyib: 

“Niyə o, bunu deməsin ki? Əlbəttə, belə deyəcək. Orada, lap yaxınlıqda dünyanın ən böyük və ən güclü gəmiləri yerləşir. Ümid edirəm ki, razılaşma əldə edəcəyik. Əgər razılaşma olmasa, onda onun haqlı olub-olmadığını görəcəyik”.

Donald Trampın açıqlaması ABŞ və İran arasında gözlənilən danışıqların rəsmi Tehrana son fürsət kimi verildiyini deməyə əsas verir. Yəni İrana qarşı hərbi əməliyyatların başlanması və ya bu qərarın ləğvi Uitkofla Əraqçi arasında keçiriləcək müzakirələrin nəticəsindən asılı olacaq. 

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampla telefon danışığı zamanı amerikalı həmkarına Ankaranın vasitəçiliyi ilə ABŞ və İran arasında onlayn formatda danışıqların keçirilməsini təklif edib. 

Ona görə də Prezident Pezeşkianın tapşırığı Ərdoğanın təklifinin qəbul edildiyini göstərir. Lakin bu müzakirələrin onlayn, yoxsa birbaşa formatda keçiriləcəyi barədə məlumat yoxdur. Uitkofun və Əraqçinin Türkiyəyə səfər etməsi danışıqların birbaşa baş tutacağı qənaətini yaradır. 

İlkin məlumatlara görə, rəsmi Tehran zənginləşdirilmiş uran ehtiyatını ölkədən çıxaratmağa və Rusiyaya köçürməyə razıdır. Əraqçi nüvə proqramı məsələsini müzakirə etməyə hazır olduqlarını və bunun qarşılığında İrana tətbiq olunmuş sanksiyaların ləğvini istədiklərini deyib. Lakin İran ABŞ-nin ballistik raket istehsalını dayandırmaq şərtini qəbul etmir. 

Eyni zamanda, Xameneyinin İranın təbii sərvətlərin və mineral ehtiyatların ABŞ şirkətlərinin istismarına verilməsi barədə saziş bağlamaq təklifini rədd etdiyi bildirilir. Ancaq Tramp administrasiyasının zənginləşdirlmiş uran ehtiyatını Rusiyaya köçürmək təklifini qəbul edəcəyini söyləmək çətindir. 

Çünki İran hazırda danışıqlara getməklə daha çox zaman qazanmağa və ABŞ-nin hücumunu dayandırmağa çalışır. Uzaq perspektiv üçün İranın məqsədi 2028-ci ildə Trampın prezidentlikdən gedişinə qədər vaxt qazanmaqdır. Post-Tramp dövründə İranın yenidən nüvə proqramını bərpa etməyəcəyinə zəmanət yoxdur. 

Həm yenidən nüvə proqramına qayıdılması, həm də ABŞ-nin İranın raket istehsalını davam etdirmək şərti ilə razılaşması İsrailin mövcudluğu üçün ciddi təhdid yaradır. Ona görə də Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqların ciddi nəticə verəcəyi inandırıcı görünmür. 

Bu da öz növbəsində, müharibəni yaxınlaşdıra bilər. Sitiven Utkofun Türkiyəyə gəlməzdən öncə İsrailin Baş naziri Benyamin Netanyahu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Eyal Zamirlə görüşməsi çox güman ki, ABŞ tərəfinin danışıqların gündəliyi ilə bağlı Təl-Əvivi məlumatlandırmaq məqsədi daşıyır. 

İsrail rəhbərliyi ABŞ-nin İranla danışıqlara getməsi və hərbi əməliyyatlardan imtina etməsinin əleyhinədir. Ona görə də Netanyahu hökuməti Ankaradakı müzakirələri narahatlıqla qarşılayacaq. Uitkofun isə öncə İsrail rəhbərliyi ilə görüşməsi ABŞ-nin İrana hücum planını gündəlikdən çıxartmadığı mesajını verir. 

Seçilən
22
cebheinfo.az

1Mənbələr