AZ

Ramil Qasımov: "Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi milli dəyərlərə xidmət edən layihələr təqdim edir

Bakı, 2 fevral, AZƏRTAC

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı ilə təqdim olunan “Bu günün rəssamı” layihəsinin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən gənc rəssamların sərgilərini təşkil etməkdir.

Bu barədə AZƏRTAC-a açıqlamasında İctimai Birliyin sədri, Əməkdar artist Ramil Qasımov bildirib.

O qeyd edib ki, layihə artıq hər ay davam etdiriləcək və hər dəfə yeni bir gənc rəssamın sərgisi açılacaq: “İctimai Birlik olaraq, mütəmadi çalışırıq ki, cəmiyyətimizdə bir-birindən maraqlı layihələr təqdim edək. Bu layihə gənc rəssamların yaradıcılığını ictimaiyyətə tanıtmaq və onların inkişafına dəstək olmaq baxımından böyük əhəmiyyət daşıyır”.

Ramil Qasımov həmçinin vurğulayıb ki, İctimai Birlik mədəniyyət siyasətinin bir nümayəndəsi kimi, dövlətimizin mədəni siyasətini davam etdirərək bu kimi tədbirlərin milli dəyərlərimizə xidmət etməsini təmin edir.

Sədr əlavə edib ki, yaxın günlərdə “Xalqın mədəni sərvəti” layihəsi başlayacaq: “Bu layihə mənim müəllifi olduğum bir təşəbbüsdür və ötən illərdə də belə layihələr həyata keçirmişəm. Bu dəfə layihə Azərbaycanın böyük bəstəkarı, əbədiyaşar Qara Qarayevin yaradıcılığına həsr olunub. Fevralın 4-də Prezident Kitabxanasında Qara Qarayevin yaradıcılığı, tələbələri və musiqiçilər tərəfindən onun Azərbaycan musiqisinə verdiyi töhfələr müzakirə olunacaq”.

Seçilən
33
1
azertag.az

2Mənbələr