AZ

Naxçıvan Ali Məclisinin yaz sessiyasının ilk plenar iclası keçirilib

Fevralın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının ilk plenar iclası keçirilib.

APA xəbər verir ki, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov vurğulayıb ki, bugünkü iclasın gündəliyində 3 məsələ nəzərdə tutulsa da, əlavə olaraq 2 məsələ onun tərəfindən gündəliyə daxil edilib və deputatlara təqdim olunub.

Gündəlik təsdiq olunduqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

İclasın gündəliyində duran ikinci və üçüncü məsələlərlə bağlı Ali Məclis sədrinin birinci müavini qeyd edib ki, Daxili Nizamnaməyə əsasən Ali Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı və İntizam komissiyaları yaradılmalıdır. Həmin komissiyalar Ali Məclisin deputatları sırasından 1 il müddətinə 5 üzvdən ibarət tərkibdə seçilir.

Müzakirə olunan məsələlərlə bağlı hazırlanmış “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının yaradılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarları oxunduqdan sonra ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Gündəlikdə duran növbəti məsələ - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi ilə bağlı Bəxtiyar Məmmədov bildirib ki, komitələrin öz funksiyalarının həyata keçirilməsi istiqamətində təkmilləşdirmə aparılması məqsədilə komitələrin tərkibinin yenidən formalaşdırılması zərurəti yaranıb.

Komitələrin tərkibi ilə bağlı qərar layihəsi oxunduqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

İclasda müzakirə olunan sonuncu məsələ - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il 16 may tarixli 24-VI QR nömrəli Qərarında dəyişiklik edilməsi ilə bağlı qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 25 oktyabr tarixli 2-VII QN nömrəli Qanunu ilə artıq deputatların aylıq vəzifə maaşları və vəzifə maaşına əlavələr qanuna daxil edildiyindən müvafiq qərarda dəyişiklik zərurəti yaranıb.

Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi oxunub, səsə qoyularaq qəbul edilib.

Bununla da Ali Məclisin yaz sessiyasının ilk plenar iclası başa çatıb.

Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan
Seçilən
33
6
apa.az

7Mənbələr