AZ

“Əks halda ABŞ və İsrail İranın nüvə obyektlərini vuracaq” - AÇIQLAMA

"Son günlər İran–ABŞ münasibətləri kəskinləşib. ABŞ Prezidenti Donald Tramp son tələblərində İranın nüvə silahı əldə etmə proqramını dayandırmasını, etirazlar zamanı kütləvi aksiyalarla bağlı həbs olunan şəxslərin edam edilməməsini tələb edib. Bildirilib ki, bu tələblər yerinə yetirilərsə, İranın ABŞ-a zərbələr endirməməsi mümkündür".

Bu fikirləri Redaktor.az-a politoloq Elşad Həsənov bildirdi.

O qeyd edib ki, artıq İranın ətrafında böyük hərbi qüvvələr cəmləşdirilib:

“Eyni zamanda, İranın ətrafındakı ölkələrdə yerləşən hərbi bazalar da hazırlıq vəziyyətinə gətirilib. Tramp əsasən nüvə silahından imtina edilməsini və uzaqmənzilli ballistik raketlərin istehsalının dayandırılmasını tələb edir. Bu məsələlər isə mərhələli şəkildə, danışıqlar yolu ilə həll oluna bilər. Əsas məsələ İranın nüvə silahı əldə etməmək öhdəliyidir. Bu sahədə Əraqçi son çıxışında bildirib ki, İran nüvə silahı istəmir, ABŞ ilə danışıqlara hazırdır və sanksiyaların aradan qaldırılmasını tələb edir. Görünən odur ki, İran hakimiyyəti danışıqlara başlamağa hazırdır. Prezident Pezeşkian da islahatçı nümayəndə kimi hesab edir ki, dialoq aparılmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da vasitəçilik missiyasını təklif edib. Onun sözlərinə görə, üçtərəfli dialoq aparılmalı, çünki müharibə problemləri həll etmir. Hətta Ərdoğan İranın zənginləşdirdiyi uranın Türkiyəyə verilməsi və burada saxlanılması təklifini də irəli sürüb. Bu variant istisna olunmur”.

Elşad

Politoloq əlavə etdi ki, İranın ali dini rəhbəri Əli Xameneinin son qərarı hələ məlum deyil və bu qərarı proqnozlaşdırmaq çətindir:

“İranın bir neçə seçim imkanı var. Əgər ali dini rəhbərlik islahatçı qüvvələrə geniş səlahiyyət verərsə, onlar ABŞ ilə danışıqlara getməli olacaqlar. Nüvə silahından imtina və sanksiyaların aradan qaldırılması İranın iqtisadi inkişafına, xüsusilə neft-qaz məhsullarını xarici bazarlara çıxarmasına şərait yarada bilər. Bu səbəbdən hesab edirəm ki, İran məcburən danışıqlara getməli və nüvə proqramından imtina etməlidir. Əks halda, ABŞ və İsrail İranın hərbi və nüvə obyektlərinə aviazərbələr endirə bilər. Lakin düşünürəm ki, məsələlər sonda danışıqlar yolu ilə həll olunacaq”.

Xədicə BAXIŞLI

Seçilən
12
1
redaktor.az

2Mənbələr