AZ

Azərbaycanda biopsiya pulsuzdur? – RƏSMİ

Xərçəng xəstəliklərinin artdığı bir dövrdə dövlət xəstəxanalarında aparılan biopsiya (həm şişlərin xərçəng olub-olmamasını müəyyənləşdirmək) prosedurları ilə bağlı ciddi suallar yaranır.

Belə ki, xəstəxanaya müraciət edən vətəndaşdan biopsiya götürüldükdən sonra onlara nümunə təqdim olunur ki, “apar, laboratoriyada əkdir, nəticəni gətir”.

Düzdü, xəstə öz istəyi ilə biopsiya materialını xaricə (məsələn, Türkiyəyə) göndərmək istədikdə bunun ödənişli olması anlaşılandır. Amma bu nə qədər etikdir, hər xəstənin əlinə biobsiya nümunəsini vermək ki, apar bunu əkdir və nəticəsini gətir.

Maraqlıdır, biopsiya materialının laboratoriyaya göndərilməsi xəstəxananın öhdəliyidirmi, yoxsa xəstənin özü bunu etməlidir? Biopsiya və onun histoloji müayinəsi icbari tibbi sığorta paketinə daxildirmi? Bu biobsiya icbari sığorta ilə dəstəklənirmi?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”a bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 193 adda histopatoloji və sitoloji xidmət icbari tibbi sığorta hesabına həyata keçirilir:

“Bu xidmətlərə müxtəlif orqan və toxumalardan götürülmüş biopsiya və cərrahi materialların müayinəsi daxildir. Bunlardan süd vəzi, qalxanabənzər vəzi, mədə-bağırsaq sistemi, ağciyər, dəri, limfa düyünləri, ginekoloji orqanlar, prostat və digər orqanlardan götürülmüş biopsiyalar, həmçinin iynə, trepan, eksizion və insizion biopsiyaları və digərlərini nümunə göstərmək olar.

Tibbi göstəriş əsasında icbari tibbi sığorta ilə qarşılanan xidmətlər üzrə biopsiyanın götürülməsi və götürülmüş materialın laborator müayinəsi TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institut və mərkəzində, eləcə də göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrində həyata keçirilir”.

Seçilən
17
cebheinfo.az

1Mənbələr