AZ

Macarıstan Aİ-ni məhkəməyə verdi

Macarıstan hökuməti Avropa İttifaqı (Aİ) tərəfindən Rusiya qazının tədarükünə qoyulan qadağaya qarşı Aİ Ədalət Məhkəməsində iddia qaldırıb.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, rəsmi Budapeşt 2027-ci ildən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını qadağan edən qərarın dərhal ləğv olunmasını tələb edir. TASS-ın məlumata görə, nazir bu iddianın mütləq araşdırılmalı olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, Aİ Şurası belə strateji bir qərarı konsensusla (yekdilliklə) deyil, səs çoxluğu ilə qəbul edə bilməzdi. Siyartonun sözlərinə görə, Aİ rəhbərliyi Macarıstan və Slovakiyanın etirazlarından xəbərdar olsa da, "bu məsələni ticarət siyasəti adı altında gizlədərək" prosedur qaydalarını pozub.

Macarıstan tərəfi iddia edir ki, Aİ-nin fundamental sənədlərinə əsasən, hər bir üzv ölkə öz enerji siyasətini, o cümlədən yanacaq tədarükçülərini müstəqil şəkildə müəyyən etmək hüququna malikdir. Siyarto, həmçinin üzv ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutan "enerji həmrəyliyi prinsipi"ni xatırladaraq, Aİ Şurasının belə bir qadağa tətbiq etməyə hüquqi səlahiyyətinin olmadığını bildirib.

Yanvarın 26-da Aİ Şurası 2027-ci ildən etibarən Rusiya LNG-sinin idxalına tam qadağa qoyulması barədə qərar qəbul edib. 30 sentyabr 2027-ci ildən qüvvəyə minəcək bu qadağanın pozulmasına görə milyonlarla avro məbləğində cərimələr nəzərdə tutulur.

Əlverişli yanacaq mənbələrini qorumağa çalışan Macarıstan və Slovakiya bu tədbiri dəstəkləməyib. Slovakiyanın Baş naziri Robert Fiko daha əvvəl bildirmişdi ki, tərəflər Aİ Şurasının qərarına etiraz etmək üçün iki ayrı məhkəmə iddiası qaldırmaq niyyətindədirlər.

S.ELAY

XQ

Seçilən
17
1
xalqqazeti.az

2Mənbələr