AZ

Azərbaycan–Türkiyə münasibətləri regional sabitliyin və strateji inteqrasiyanın əsas dayağıdır – RƏY

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında son illərdə müşahidə olunan siyasi və iqtisadi yaxınlaşma klassik ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq regional və qlobal miqyasda strateji əhəmiyyət daşıyan müttəfiqlik modelinə çevrilib.

Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Cafer Dal bildirib.

Ekspertin fikrincə, iki ölkə arasında münasibətlərin əsasını qarşılıqlı etimad, ortaq tarixi-mədəni dəyərlər və milli maraqların uzlaşdırılması təşkil edir. O bildirir ki, “bir millət, iki dövlət” konsepsiyası artıq praktiki siyasətdə konkret mexanizmlərlə təsdiqlənən institusional əməkdaşlıq formatıdır. Onun sözlərinə görə, Türkiyənin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi birmənalı dəstək ikitərəfli münasibətlərin strateji xarakterini müəyyən edən əsas amillərdəndir.

“2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərini rəsmi müttəfiqlik səviyyəsinə yüksəldərək regional təhlükəsizlik və siyasi koordinasiya baxımından yeni mərhələ yaradıb. Bakı və Ankara regional proseslərdə eyni mövqedən çıxış edir. Bu koordinasiya Cənubi Qafqazda davamlı sülhün və sabitliyin formalaşmasına mühüm töhfə verir. Azərbaycan–Türkiyə iqtisadi əlaqələrinin əsas dayaqlarından biri enerji sahəsində həyata keçirilən strateji layihələrdir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və TANAP layihələri iki ölkəni Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlara çevirib. Qarşılıqlı investisiyaların artması, sənaye və infrastruktur layihələrində birgə iştirak iqtisadi münasibətlərin daha da şaxələndirilməsinə imkan yaradır. Türkiyə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma prosesində fəal iştirakı iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir,” – deyə o əlavə edib.

Ekspert Zəngəzur dəhlizini Azərbaycan–Türkiyə münasibətlərinin gələcək inkişafında açar layihə kimi qiymətləndirir. Onun sözlərinə görə, bu nəqliyyat-kommunikasiya xətti Türkiyəni birbaşa Azərbaycanla, oradan isə Orta Asiya ilə birləşdirərək Türk dünyası daxilində iqtisadi və logistika inteqrasiyasını gücləndirəcək: “Zəngəzur dəhlizi yalnız ikitərəfli deyil, regional əməkdaşlıq baxımından da strateji əhəmiyyətə malikdir”.

Seçilən
12
2
azertag.az

3Mənbələr