AZ

Araşdırma Kanadada gənclər arasında psixi pozuntular epidemiyasını üzə çıxarıb

Bakı, 2 fevral, AZƏRTAC

Son onilliklər ərzində Kanadanın gəncləri arasında psixi pozuntular, o cümlədən şizofreniya ilə xəstələnmə hallarının kəskin artımı qeydə alınıb. AZƏRTAC xəbər verir ki, bu barədə “Canadian Medical Association Journal” jurnalında dərc edilmiş geniş araşdırmada məlumat verilir.

Təhlil 1960–2009-cu illərdə Ontario əyalətində doğulmuş 12,2 milyon nəfərin məlumatlarını əhatə edib. Tədqiqat iştirakçılarından 152 587 nəfərdə psixi pozuntular diaqnozlaşdırılıb.

Nəticələrə əsasən, 1997–2023-cü illərdə 14–20 yaşlı yeniyetmələr və gənclər arasında xəstələnmə 60 faiz artaraq hər 100 min nəfərə 62,5 haldan 99,7 hala yüksəlib. Eyni zamanda, artım xüsusilə daha gənc nəsillərdə aydın şəkildə müşahidə olunur. Belə ki, 2000–2004-cü illərdə doğulmuş şəxslərdə yeni diaqnozların tezliyi 1975–1979-cu illərdə doğulanlarla müqayisədə 70 faiz yüksək olub.

Bundan əlavə, 30 yaşına qədər psixi pozuntu diaqnozu qoyulmuş şəxslərin ümumi sayı 1990–1994-cü illərdə doğulmuşlarda daha əvvəlki nəsillə müqayisədə 37,5 faiz artıb.

Araşdırmanın aparıcı müəllifi, “North York General Hospital” xəstəxanasının həkimi, “ICES” və “Bruyère Health Research Institute”un elmi əməkdaşı Daniyel Mayran qeyd edib ki, psixi pozuntuları olan pasiyentlər onlarda üzə çıxan digər yan xəstəliklərin yüksək səviyyəsi və vaxtından əvvəl ölüm riskinin artması ilə üzləşirlər, həmçinin səhiyyə sistemi və sosial xidmətlər tərəfindən əhəmiyyətli resurslar tələb edirlər.

Araşdırma göstərir ki, psixozların artımı həm kişilər, həm də qadınlar arasında müşahidə olunur, lakin birincilər hələ də daha yüksək risk qrupunda qalırlar. Şizofreniya kimi affektiv olmayan psixi pozuntuların daha yüksək ehtimalı sosial cəhətdən əlverişsiz ərazilərdə yaşamaq, ölkədə uzun müddət qalmaq, eləcə də psixi pozuntular və psixoaktiv maddələrin istifadəsi ilə bağlı yardım üçün müraciətlərlə əlaqələndirilir.

Müəlliflər qeyd edirlər ki, nəsillər üzrə dəyişikliklərə dair məlumatlar hələlik məhduddur, lakin oxşar tendensiyalar əvvəllər Danimarka və Avstraliyada aparılmış tədqiqatlarda da qeydə alınıb.

Xəstəliyin artmasının mümkün səbəbləri arasında valideynlərin yaşının artması, sosial-iqtisadi stresin yüksəlməsi, neqativ uşaqlıq təcrübələri, həmçinin psixoaktiv maddələrin istifadəsinin yayılması göstərilir.

D.Mayranın sözlərinə görə, bu günə qədər aşkar edilmiş tendensiyanın tək izahı yoxdur. Bununla belə, əsas nəzəriyyələrdən biri erkən yaşlarda, xüsusən də kan¬nabis, stimulyatorlar, hallüsinogenlər və sintetik narkotiklərin istifadəsinin təsiri olaraq qalır ki, tədqiqatçıların məlumatlarına görə, bu, psixi pozuntuların inkişafı və ağırlaşması riskinin artması ilə əlaqəlidir.

Ekspertlər vurğulayırlar ki, aşkar edilmiş məlumatlar əlavə tədqiqatların aparılmasını, gənclərin psixi sağlamlığının qorunması sahəsində profilaktik və erkən müdaxilə proqramlarının gücləndirilməsini tələb edir.

Seçilən
10
1
azertag.az

2Mənbələr