AZ

Musəvi yenidən gündəmə gəlib

Mirhüseyn Musəvi yenidən gündəmə gəlib və onun son açıqlaması son illərdə İranda səslənən ən səs-küylü siyasi bəyanatlardan biri olub. İslam Respublikasının sabiq baş naziri, 2009-cu ilin “Yaşıl hərəkatı”nın ideoloqlarından biri, artıq on beş ildir ev dustaqlığında saxlanılan Musəvi, ölkədə ümummilli referendumun keçirilməsinə və “xarici müdaxilə olmadan hakimiyyətin dinc yolla dəyişdirilməsinə” çağırıb.

İran “Yaşıl hərəkatı”nın liderlərindən biri olan Mirhüseyn Musəvi, ölkədə etirazçılara qarşı zorakılığın tətbiqini “xalqın əleyhinə yönəlmiş böyük xəyanət və cinayət” adlandırıb.

O, ölkədə təcili referendum keçirilməsinə və hökumətin xarici müdaxilə olmadan dəyişdirilməsinə çağırıb:
“Xalq bu sistemi istədiyini necə deyə bilər? Bəsdir. Oyun bitdi. Siz ölkəni bürüyən böhranlardan çıxış yolu tapmısınızmı? Bu millətin başqa çıxış yolu yoxdur – o, nəticə əldə olunana qədər yenidən ayağa qalxacaq”, – deyə Musəvi vurğulayıb.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları gec-tez xalqı repressiyadan imtina edəcək. Musəvi hakimiyyəti silahı yerə qoymağa və kənara çəkilməyə çağırıb: “Bütün maraqları birləşdirən konstitusiya referendumu üç əsas prinsipə əsaslanmalıdır: xarici müdaxilənin olmaması, daxili tiraniyadan imtina və dinc demokratik keçidin təmin edilməsi”.

… Mirhüseyn Musəvi İranın ilk baş nazirlərindən biridir. Etik azərbaycanlı olan Musəvi islahatçı düşərgənin tanınmış siması kimi qəbul edilir. O, 2009-cu il prezident seçkilərindən sonra etirazların önünə keçərək “Yaşıl hərəkat” adlanan kütləvi hərəkata rəhbərlik etmişdi. Musəvi, İranın ali liderin səlahiyyətlərinin bir hissəsinin prezidentə ötürülməsini təklif edən başlıca siyasətçilərdən biri idi. 2009-cu ildən bəri o və həyat yoldaşı Zahra Rəhnavard ev dustaqlığındadır.

Musəvinin bu bəyanatı təsadüfi deyil – o, ölkədə dərinləşən daxili böhran, iqtisadi çətinliklər və artan ictimai narazılıq fonunda səslənib. İran Mərkəzi Bankının 2026-cı il hesabatına əsasən, inflyasiya 49,7%-ə, işsizlik 19,3%-ə çatıb, yoxsulluq səviyyəsi isə əhalinin 45%-dən çoxunu əhatə edir. Ölkədəki vəziyyət 2009 və 2019-cu illərdəki kütləvi etirazlardan əvvəlki dövrləri xatırladır.

Təbriz mənşəli etnik azərbaycanlı Musəvi on ildən artıq susqunluqdan sonra ilk dəfə ictimaiyyətə müraciət edib. Onun bəyanatı islahatçılara yaxın kanallar vasitəsilə yayılıb. O, hakimiyyəti etirazçılara qarşı güc tətbiqinə görə kəskin ittiham edib və bunu “xalqın əleyhinə törədilmiş ən böyük cinayət” adlandırıb. Musəvinin “bu sistemin artıq çıxış yolu yoxdur” və “oyun bitdi” sözləri İranda rezonans doğurub.

Bu çağırış təkcə hökumətə deyil, həm də İslam Respublikasının ideoloji təməl prinsiplərinə meydan oxumaq kimi dəyərləndirilir. Əslində, Musəvi 1979-cu ildən bəri ilk dəfə olaraq konstitusiya referendumu ideyasını irəli sürür – bu isə ölkənin siyasi sisteminin köklü şəkildə dəyişdirilməsi deməkdir. Onun “dinc demokratik keçid” barədə fikirləri İranda ali lider institutunun legitimliyini açıq şəkildə sual altına alır.

Tarixən Musəvi sistemin içindən çıxmış şəxs olub. O, 1981–1989-cu illərdə, İran-İraq müharibəsinin ən ağır illərində baş nazir vəzifəsini icra edib. Məhz onun dövründə sənaye səfərbərliyi, neft sektorunun milliləşdirilməsi və indiki dövlət aparatının formalaşması baş vermişdi. 2009-cu ildə isə o, uzun fasilədən sonra siyasətə qayıdaraq prezident seçkilərində namizəd olmuş, lakin rəsmi nəticələrə görə Mahmud Əhmədinejada uduzmuşdu. Lakin milyonlarla iranlı seçkilərin saxtalaşdırıldığına inanaraq küçələrə çıxmış, “Yaşıl hərəkat” yaranmışdı.

Seçilən
1
aznews.az

1Mənbələr