AZ

Səudiyyə Ərəbistanı xarici sərmayəni artırmaq üçün genişmiqyaslı islahatlara başlayıb

Bloomberg: Krallıq kirayə haqlarını dondurur, əcnəbilərə daşınmaz əmlak almağa icazə verir və bazarları qlobal investorlar üçün daha açıq edir...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı birbaşa xarici investisiyaların (FDI) həcmini artırmaq məqsədilə ölkədə genişmiqyaslı iqtisadi və hüquqi islahatlar həyata keçirir. Son aylar ərzində krallıq bir sıra addımlar ataraq biznes mühitini daha cəlbedici etməyə çalışır.

Məlumata əsasən, Səudiyyə Ərəbistanı son bir neçə ayda kirayə haqlarını dondurub, xarici vətəndaşlara daşınmaz əmlak üzərində mülkiyyət hüququ verib, alkoqol məhsullarının satışı ilə bağlı qanunvericiliyi yumşaldıb və fond bazarını dünyanın müxtəlif ölkələrindən olan investorlar üçün daha açıq edib.

Bu addımlar vəliəhd şahzadə Məhəmməd bin Salmanın ölkəni iri sərmayələr üçün cazibə mərkəzinə çevirmək, eyni zamanda regionda əsas rəqiblərdən sayılan Dubayla daha effektiv rəqabət aparmaq planının tərkib hissəsi kimi qiymətləndirilir. İslahatlar həm də krallığın neft qiymətlərindəki dalğalanmaların yaratdığı riskləri azaltmaq və büdcə balansını qorumaq üçün daha çevik iqtisadi modelə keçid cəhdini göstərir.

Bloomberg qeyd edir ki, Səudiyyə Ərəbistanı iqtisadiyyatın şaxələndirilməsi üzrə təxminən 2 trilyon dollarlıq proqram həyata keçirir. Lakin neft gəlirlərinin dəyişkənliyi və büdcə kəsiri bu planın icrasında tempin zəifləməsi riskini artırır.

Məlumata görə, Səudiyyə Ərəbistanı 2022-ci ildən bəri büdcə kəsiri ilə üzləşir: dövlət gəlirləri xərclərdən geri qalır. Bununla yanaşı, krallıq cari hesab balansında da ardıcıl beş rübdür mənfi göstərici qeydə alır. Bu vəziyyət hökuməti daha aqressiv borclanmaya sövq edir, eyni zamanda “meqa layihələr” kimi tanınan iri miqyaslı təşəbbüslərin daha da ixtisar edilməsinə gətirib çıxarır.

Hesabatda vurğulanır ki, kreditləşmənin artım tempinin zəifləməsi də iqtisadi təzyiqləri artıraraq maliyyə sabitliyi və investisiya axınları baxımından əlavə risklər formalaşdırır.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr