"Son dövrlərdə bir sıra dövlət qurumlarında çoxsaylı insanlar ixtisar olunur. “Bakı Metropoliteni”ndə, “Xəzər Dəniz Gəmiçiliyi”ndə, kommunal sistemlərdə xeyli ixtisarlar var. Başa düşürəm, büdcədə yük ola biləcək müəyyən problemlər həll olunur. Amma biz bu qədər işsizə ya iş, ya da müavinət verməliyik. Müavinət verməkdə də müəyyən çətinliklərimiz var. Metroda işdən azad olunanlara deyiblər ki, sizi başqa şirkətdə işə götürəcəklər. Gediblər ki, belə bir şey yoxdur. 100-200-dən çox insan işsiz qalıb".
Bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Son dövrlərdə dövlət qurumlarında aparılan kütləvi ixtisarlar büdcəyə yükü azaltmaq məqsədi daşıyırsa, bu halda artan işsizlik və sosial gərginliyin yaratdığı yeni iqtisadi risklər necə kompensasiya olunmalıdır? Bu cür ixtisarların davam etməsi kölgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun artmasına səbəb ola bilərmi?
Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, bir sıra dövlət qurumlarında ixtisarların olması, hətta bəzi qurumların birləşməsi, kiçilməsi gözləniləndir:
"İlk növbədə səbəb olaraq qeyd edim ki, bu xərcləri qarşılayacaq, amortizə edəcək istehsal yetəri səviyyədə deyil. Xərcləri qarşılamaq ya neftdən gələn gəlirlər hesabına, ya da vergi yığımları hesabınadır. Neftdən gələn gəlirləri investisiya etmək həmçinin qeyri-neft sektorunun inkişafı üçün dotasiyalar ayrılsa da, lakin illərdir bu sahələr ili zərərlə başa vurur. Vergilərə qaldıqda isə özünün pik həddindədir. Vətəndaşa demək olmaz ki, cibində olan qalan pulu da ver, bu sahədə çalışanların maaşını ödəyirik.
İkinci bir səbəb süni zəkanın olması və texnoloji inkişafla bağlıdır. Yəni hansısa sahədə artıq 30 nəfərə yox 5 nəfərə ehtiyac var. 25 nəfər isə işsiz qalır.
Düşünülə bilər ki, hər sahədə belə hal mövcud olsa kütləvi işsiz ordusu yaranar, işsiz müavinəti artar, bu da dövlət büdcəsi üçün zərərdir. Lakin bir məsələ var ki, işini itirən tələblərə cavab verən mütəxəssis olmur. Həmin mütəxəssis işini itirsə belə həmin müəssisədə dərhal fərqli idarə müəssisədə iş tapa bilir. Ona görə də ya fərqli sahəyə yönəlmə olmalıdır, ya əlavə ixtisasartırma, bacarıqların artırılması olmasıdır və ya ən pis halda həmin işsiz ordusunun ölkəni tərk etməsi ilə nəticələnə bilər".
İqtisadçı qeyd etdi ki, xarici dil bilməyən, orta yaş üstü insanlar üçün də bu hal olduqca çətindir:
"Dövlət büdcəsi prizmasından yanaşsaq, hər il doğum sayının azalması müşahidə olunur. Bu isə o deməkdir ki, növbəti 5 il ərzində əmək bazarında ciddi işçi çatışmazlığı yaranacaq – fəhlə qüvvəsindən tutmuş ixtisaslı mütəxəssislərə qədər. Doğum səviyyəsinin aşağı düşməsi eyni zamanda yaşlı əhalinin payını artırır ki, bu da pensiya təminatı baxımından dövlət büdcəsi üçün əlavə yük deməkdir. İxtisarların və ya işsizlik probleminin mövcudluğu təkcə Bakı ilə məhdudlaşmır və bu vəziyyət yalnız qeyd olunan səbəblərlə izah edilə bilməz. Qarabağda genişmiqyaslı quruculuq işləri aparılır. Bununla yanaşı, xarici şirkətlər və onların öz vətəndaşları ən sadə işlərdə belə, daha yüksək əməkhaqqı ilə çalışırlar. Ümumilikdə bu sahədə də sərtləşdirilmiş siyasətə ehtiyac var".
Müsahibimiz təklif edir ki, dövriyyəsi 500 000 manatdan yuxarı olan rezident və qeyri-rezident xarici şirkətlərə minimum 20 nəfər Azərbaycan vətəndaşının işə cəlb edilməsi tələbi qoyula bilər və bundan əlavə, bölgələr üzrə minimum əməkhaqqının fərqli müəyyənləşdirilməsi də məqsədəuyğun olardı.
"Bu vəziyyətin qeyri-rəsmi məşğulluğun artmasına səbəb olub-olmamasına gəldikdə isə, faktiki olaraq artıq bu proses baş verib. Üstəlik, pulun dövriyyə sürəti də azalıb. Məsələn, vəsaiti olan şəxs ev almır və pulu dövriyyəyə buraxmır ki, sosial yardımı kəsilməsin; çünki dövlət “iki evin var” deyərək yardımı dayandıra bilər. Digər tərəfdən, bələdiyyə sənədi ilə olan evlər rəsmi olaraq dövlət tərəfindən mənzil kimi tanınmır. Eyni zamanda, bəzi şəxslər məhsul istehsal edir və onu Bakı–rayon avtobusları vasitəsilə göndərirlər. Dövlət nə həmin satışı görə bilir, nə də onun vergisini toplaya bilir. Həmin şəxs isə ya işsiz kimi qeydiyyatdan keçir, ya da maksimum halda VÖEN açaraq formal şəkildə cüzi gəlir göstərir. Nəticədə bu, qeyri-rəsmi gəlir, vergidən yayınma və paralel olaraq dövlətdən sosial yardım alaraq rahat şəkildə yaşamaqla nəticələnir", - deyə Günay Hüseynova əlavə etdi.
Xədicə BAXIŞLI