Heydər Əliyev Mərkəzində 2 fevral- Gənclər Gününə həsr olunmuş “Gənclərin gələcəyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon rəhbərliyi, YAP Rayon Təşkilatının rəhbərliyi və fəalları, qazilər, idmançılar, rayonun fəal gəncləri iştirak edib.
İştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb və əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev gəncləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz xidmətlərindən geniş söhbət açan RİH başçısı bildirib ki, dövlət gənclər siyasəti Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə prioritet istiqamətlərdən biri olmuşdur. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycanda yüzlərlə yeni tədris ocaqları, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Müstəqillik illərində də Heydər Əliyevin diqqət yetirdiyi əsas istiqamətlərdən biri gənclərlə iş olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Bu gün gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərə öz töhfələrini verirlər. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin ictimai-siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edirlər. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, həm də onları vətənpərvər ruhda formalaşdırıb. 44 günlük Vətən müharibəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda can verməyə daim hazırdır. Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir gənc ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır.
Tədbirdə çıxış edənlər ölkədə həyata keçirilən dövlət-gənclər siyasəti və Azərbaycan gəncliyinin uğurlu gələcəyindən söz açıblar.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc Fəxri Fərmanla təltif olunub.









