Bakı, 2 fevral, Günel Türksoy, AZƏRTAC
Fevralın 2-də Prezident Kitabxanasında Azərbaycan Gəncləri günü münasibətilə gənc yazıçı, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydınla görüş olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova ölkəmizdə dövlət gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu strateji xəttin hazırda Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirildiyini vurğulayıb. O, dahi rəhbərin gənclərə hər zaman böyük etimad göstərdiyini, bu gün isə bu diqqət sayəsində Azərbaycan gəncliyinin həm elmdə, həm də yaradıcılıq sahəsində mühüm nailiyyətlər qazandığını diqqətə çatdırıb. Professor qeyd edib ki, gənc nəslin intellektual və yaradıcılıq potensialının üzə çıxarılması, onlara öz bacarıqlarını nümayiş etdirmək üçün geniş imkanların yaradılması dövlətimizin prioritet vəzifələrindəndir.
Çıxışdan sonra Azərbaycan Gəncləri Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbir çərçivəsində, həmçinin Prezident Kitabxanası tərəfindən Azərbaycan Gəncləri Günü münasibətilə hazırlanmış virtual sərgi təqdim olunub.
Tədbirdə çıxış edənlər dövlətin gənclər siyasətinin uğurlarından danışıblar. Natiqlər vurğulayıblar ki, bu gün Azərbaycan gəncliyi dövlətin onlara göstərdiyi diqqət və qayğını öz fəaliyyətlərində hiss edir və bu mühit Xanım Aydın kimi istedadlı gənclərin öz potensiallarını reallaşdırması üçün böyük stimul rolunu oynayır.
Daha sonra gənc yazıçı Xanım Aydının yaradıcılıq yoluna və ədəbi fəaliyyətinə həsr olunmuş videoçarx təqdim olunub.
Görüşün sonunda Xanım Aydın yaradıcılığına göstərilən diqqətə görə təşkilatçılara və qonaqlara öz minnətdarlığını bildirib.