AZ

"Uşağı daha çox imtahana cəlb etməklə güclü təhsil sistemi qurulmur" - Əməkdar müəllimdən ETİRAZ

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov məktəbdə oxuyan uşaqların imtahanlarının çoxluğundan danışıb. Millət vəkili qeyd edib ki, uşaqların dərs və imtahanlarla yanaşı asudə vaxtlarını səmərəli keçirməyə, idmanla məşğul olmağa və s. imkanları olmalıdır.

Keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Siyavuş Novruzovun dedikləri ilə razıdır.

Onun sözlərinə görə, məktəbdə imtahan sayı çoxdur:

"Amma bu, deputatların dilə gətirməsi ilə və yaxud da cəmiyyətin sosial şəbəkələrdə müzakirəsi ilə həll olunacaq məsələ deyil. Burada əsas məsələ ondan ibarətdir ki, təhsil sistemi balanslı işləmir. Yüksək nəticə göstərən bütün ölkələrdə təhsil sistemində əsas diqqət təhsilin keyfiyyətinə verilir. Qiymətləndirmə bacarıq əsasında aparılır və dərs yükünün balansı qorunur. Uşağı daha çox imtahana cəlb etməklə, daha çox sınağa çəkməklə güclü təhsil sistemi qurulmur. Çünki çox imtahan çox əzbərçilik deməkdir. Bir tərəfdən deyirik ki, test sistemi, imtahan sistemi əzbərçilik yaradır, digər tərəfdən isə bunu davamlı şəkildə tətbiq edirik. Bizdə qiymətləndirmə məqsədə, öyrənmə isə vasitəyə çevrilib. Uşaqlar ard-arda kiçik summativ, böyük summativ qiymətləndirmələr, monitorinqlər, qəbul hazırlığı və sair arasında əzilir. Nəticədə uşaq artıq təhsil almaqdan, oxumaqdan, öyrənməkdən yorulur. Biz cəmiyyət olaraq təhsil prosesini inkişafa xidmət edən istiqamətdə qurmamışıq. Sanki bu bir yarışdır, stres mexanizmidir: kim qalib olacaq, kimin uşağı daha yaxşı nəticə əldə edəcək. Belə ucu-bucağı olmayan, mənasız bir yarışın içindəyik.

Bunun mənfi tərəfləri təbii ki, çoxdur. Valideynlər istəyir ki, uşaqlar mükəmməl, hərtərəfli böyüsün. Bütün bunlar isə uşaqlarda emosional tükənmə, diqqət pozuntusu, motivasiya itkisi yaradır. Bu amillər uşağın öyrənmə qabiliyyətini birmənalı şəkildə zəiflədir. Çünki uşaq sevə-sevə, oynaya-oynaya, istəyərək öyrənməlidir".

Sona Əliyevanın fikrincə, qiymətləndirmə sistemi yenidən qurulmalıdır:

"Yekun imtahanların sayı azaldılmalı, əvəzində formativ və mərhələli qiymətləndirmə sistemi tətbiq olunmalıdır ki, uşaq birdəfəlik nəticəyə görə yox, ümumilikdə öz inkişaf trayektoriyasına görə dəyərləndirilsin. Təhsil proqramı da təbii olaraq yüngülləşdirilməlidir. Mövcud proqramlar, xüsusən ümumi təhsildə, artıq çoxlu əlavə məlumatla yüklənib. Bu, həm dərindən öyrənməyə imkan vermir, həm də bir çox mövzular həyatla bağlı deyil. Bizə lazım deyil ki, uşağı davamlı olaraq informasiya ilə dolduraq. Bizə lazımdır ki, uşaq koqnitiv düşünsün, yəni öyrəndiyi bacarıqları harada və necə istifadə edəcəyini bilsin. Həyatla bağlı, praktik bacarıqlar formalaşdıran biliklər verilməlidir. Uşaq çox oxuyub az mənimsəyəcəksə, bunun heç kimə xeyri yoxdur. Uşaq kompüter deyil ki, ona yüklənən məlumat daim beyində qalsın və istənilən vaxt istifadə olunsun".

Keçmiş deputat vurğuladı ki, məktəbdə balanslı həyat modeli qurulmalı, yanaşma dəyişməlidir:

"Asudə vaxt təhsildən kənarda yox, təhsilin bir hissəsi kimi nəzərdə tutulmalıdır. Azərbaycanda təhsil sisteminin keyfiyyəti elə yüksəldilməlidir ki, repetitordan asılılıq azalsın. Məktəb öz funksiyasını lazımi səviyyədə yerinə yetirmədiyi üçün uşaqlar davamlı olaraq repetitor yanına gedirlər. Uşaq məktəbdən çıxıb sanki başqa bir məktəbə gedir, gündə iki dəfə məktəbə getmiş kimi olur. Bu ikiqat təhsil stresini uşağın həyatından çıxarmaq lazımdır. Təhsil sistemi məktəbdə elə düzgün, keyfiyyətli və balanslı proqram yaratmalıdır ki, uşaqlar bu qədər stres yaşamazlar. Uşaq, gənc, tələbə — heç kimin həyatı imtahan marafonuna çevrilməməlidir. Həyat yalnız imtahanlardan ibarət deyil. Məktəb, məktəbdən sonra universitet, universitetdən sonra iş, dövlət qulluğu və sair mərhələlər insanın sağlam, balanslı, xoşbəxt və daha az stresli həyatına mane olmamalıdır".

Aytəkin TOFİQQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr