Olaylar.az xəbər verir ki, UNIFIL-in yaydığı bəyanatda bildirilir ki, İsrail Müdafiə Qüvvələri (IDF) bir gün öncə səhər saatlarında təşkilata "mavi xətt" yaxınlığındakı ərazilər üzərində, özlərinin "zəhərli olmayan kimyəvi maddə" adlandırdığı maddənin havadan səpələnməsi ilə bağlı əməliyyat aparacağı barədə məlumat verib. İsrail tərəfi sülhməramlılardan ərazilərdən uzaq durmağı və sığınacaqlarda qalmağı tələb edib ki, bu da UNIFIL-in ondan çox planlaşdırılmış fəaliyyətini ləğv etməsinə səbəb olub.
Kommyunikeyə əsasən, "mavi xətt"in təxminən üçdə bir hissəsində UNIFIL qüvvələri adi əməliyyatları yerinə yetirə bilməyib və normal fəaliyyət yalnız doqquz saatdan artıq vaxt keçdikdən sonra bərpa olunub. Sülhməramlılar kimyəvi maddələrin toksiklik səviyyəsinin müəyyən edilməsi üçün nümunələrin toplanmasında Livan Silahlı Qüvvələrinə dəstək göstəriblər.
UNIFIL komandanlığı İsrailin bu addımlarını qəbuledilməz adlandıraraq bildirib ki, həmin hərəkətlər sülhməramlıların mandat üzrə vəzifələrini yerinə yetirməsini məhdudlaşdırıb və həm onların, həm də mülki əhalinin sağlamlığını potensial risk altına qoyub.