AZ

Rusiyanın müharibəsinin tarixlə toqquşduğu gün

İkinci Dünya müharibəsindən daha uzun sürən Ukrayna savaşı Kremlin ən müqəddəs mifini dağıtdı...

Müəllif — Aleksey Kovalyov, müstəqil jurnalist.
Foreign Policy nəşri

Moskvanın hərbi təbliğatının əsas janrlarından biri Böyük Vətən müharibəsi — Rusiyada İkinci Dünya müharibəsinin şərq cəbhəsi belə adlandırılır — ilə “xüsusi hərbi əməliyyat” arasında (dünyanın qalan hissəsinin Rusiyanın Ukraynaya işğalı adlandırdığı müharibə) birbaşa və fasiləsiz mənəvi varislik iddiasıdır. Bu tarixi versiyada söhbət analoqdan yox, tale yazısından gedir. Rusiya Müdafiə Nazirliyinin təbliğat plakatları və bilbordları bu mesajı açıq şəkildə ötürür: 1940-cı illərin zeytuni gimnastyorkasında olan Qızıl Ordu piyadası müasir Rusiya kamuflyajında olan əsgərlə əl sıxır — guya iki münaqişə eyni müharibənin bir-birini əvəz edə bilən fəsilləridir. Bu müqayisə təkcə yuxarıdan gələn direktiv deyil, həm də ruslar arasında dərin kök salmış inancdır. “Təkrar edə bilərik” (“Можем повторить”) ifadəsi onilliklər boyu populyar şüar olub və nostalji ifadəsindən çox, bugünkü aqressiyaya mənəvi icazə kimi səslənir: əgər babalarımız bir vaxtlar mütləq şərə qarşı döyüşüb və qeyri-mümkün şəraitdə qalib gəliblərsə, deməli, bu günkü düşmənlər, kim olursa-olsun eynidir və onların məhv edilməsi də eyni dərəcədə əsaslıdır.

İndi bunun fərqi yoxdur ki, İkinci Dünya müharibəsini indiki, daha kiçik və daha zəif Rusiya yox, Sovet İttifaqı qazanmışdı və Qızıl Ordu çoxmillətli idi. Milyonlarla ukraynalı, belarus, qazax və digər xalqlar vuruşub həlak olmuşdu, xüsusən də Ukrayna və Belarus alman işğalı altında fəlakətli şəkildə əziyyət çəkmişdi. Ruslar bu faktları inkar etməyə belə çalışmırlar, sadəcə onları tarixdən siliblər. Ustalıqla qurulmuş mif yaratma aktı ilə Rusiya sovet qələbəsini yalnız rusların nailiyyəti kimi təqdim etdi, bütün şöhrəti, bütün əzabı və antifaşizmin bütün simvolik kapitalını özününküləşdirdi. Beləcə “rus katku” mifı yarandı və tarixi baxımdan haqlı, hərbi cəhətdən qarşısıalınmaz bir güc kimi düşmənləri toza çevirən və müqaviməti təkcə faydasız yox, həm də qeyri-mənəvi edən bir mif.

12 yanvarda “təkrar edə bilərik” şüarı ruslar üçün acı bir zarafata çevrildi. Həmin gün Moskvanın Ukrayna ilə müharibəsi rəsmi olaraq 1418 gün həddini keçdi. Bu rəqəm hər sovet və rus məktəblisinin yaddaşına həkk olunub. İkinci Dünya müharibəsində qələbəyə gedən yol məhz bu qədər davam etmişdi: 1941-ci ildə nasistlərin hücumundan Almaniyanın Berlinin tüstülənən xarabalıqlarında kapitulyasiyasına qədər. İndi ruslar özlərinin seçdiyi tarixi etalona uyğun gəlmədiklərinin təkzibedilməz sübutu ilə üzləşdilər. Müqayisə daha da ağrılı olur, əgər Qızıl Ordunun nasist qoşunlarını Avropa boyunca minlərlə kilometr geri qovması ilə bu qış Rusiya qoşunlarının uğursuz şəkildə uğrunda döyüşdüyü donmuş tarlalardakı bir neçə metri yanaşı qoysaq.

Bu simvolik həddin aşılmasının demoralizəedici təsirini rəqəmlərlə ölçmək çətindir, amma o, hətta ən qatı rus “patriotlarını” belə açıq şəkildə narahat edir. İşğalın iflas miqyasını artıq nə inkar etmək mümkündür, nə də onu “qanunsuz məğlubiyyətçilik” və xarici təbliğatın üstünə atmaq. Ukrayna yoxa çıxmadı, nə “planlaşdırılan” üç günə, nə də müharibənin təxminən dörd ili ərzində. Əksinə, o, indi Moskvanın işğalı izah etmək üçün istifadə etdiyi bəhanələrin qaranlıq, ironik şəkildə özünü doğruldan bir proqnozu kimi elə Rusiyanın özü üçün ciddi təhdidə çevrilib.

Rusiyanın kritik infrastrukturu hər gün Ukrayna dronlarının zərbələrinə məruz qalır və HHM sistemləri onları dayandırmaqda demək olar ki, aciz görünür. Rusiya qoşunlarının “irəliləməsi” barədə bəyanatlar, əsasən simvolik olan minimal qazanclar uğrunda verilən nəhəng itkilərin fonunda boş səslənir. Hətta müharibə tərəfdarları arasında belə bu nəticədə təsəlli tapmaq üçün müəyyən sadizm payı lazımdır: bəli, Kiyev bəlkə də əlçatmaz qalır, amma baxın, yol boyu nə qədər ağrı və dağıntı törədirik.

12 yanvarın simvolik mənası, görünür, o qədər ağrılı olub ki, Kremlin media menecerləri onu sadəcə silmək qərarına gəliblər. Müqayisəni mübahisələndirməklə yox, onun xatırlanmasını qadağan etməklə. Bu, istisna deyil, adi praktikadır. Rusiya mediası ilə bağlı əvvəlki araşdırmalar, o cümlədən müəllifin öz işləri göstərir ki, Kreml daxilində xüsusi bir şöbə gündəlik xəbər axınını müntəzəm brifinqlər və baş redaktorlara verilən qeyri-rəsmi təlimatlar vasitəsilə mikroidarə edir. Nəticədə elə bir sistem yaranır ki, bəzi mövzular aqressiv şəkildə şişirdilir, digərləri isə koordinasiyalı susqunluğa məruz qalır. 1418 gün həddi bu sxemə ideal şəkildə uyğun gəlir: illərlə Ukrayna müharibəsini İkinci Dünya müharibəsinin obrazları və “təkrar edə bilərik” ritorikası ilə işıqlandıran eyni media birdən-birə öz simvolikasını özünə qarşı çevirən tarixi tarixə nə efir vaxtı, nə də qəzet sütunu tapdı.

Amma bu susqunluq uzun çəkmədi. Bir dəfə yaranan simvol rusdilli informasiya ekosisteminin Kreml nəzarətindən kənarda açıq müzakirə oluna bilən yeganə məkanlarına, mühacirətdəki rus mediasına, rusdilli ukraynalı bloqerlərə və Rusiyanın daxilində yarımavtonom, əsasən teleqram üzərindən fəaliyyət göstərən pro-müharibə “Z-sferası”na keçdi. Mühacirətdə olan jurnalist Kirill Nabutov kimi anti-müharibə ruslar bu tarixi “kiçik və qələbəli əməliyyat” mifinin tam süqutunun sübutu kimi qəbul etdilər və əməliyyatın Əfqanıstan, Çeçenistan və Rusiya imperiyası, Sovet İttifaqı və müasir Rusiyanın cəlb olunduğu digər münaqişələrə bənzər uzunmüddətli, alçaldıcı müharibəyə çevrildiyini vurğuladılar. Tanınmış ukraynalı jurnalist və bloqer Denis Kazanski bu simvolik rəqəmi öz rusdilli YouTube kanalında təbliğat bumeranqına çevirdi və qeyd etdi ki, İkinci Dünya müharibəsi ilə “varislik” yalnız günləri saymağa başlamayana qədər işləyir. Bundan sonra narrativ artıq səfərbər etmir, əksinə alçaldır.

Rusların başqa bir qrupu, qatı müharibə tərəfdarları, amma ümumilikdə antikremlçi ultramillətçi müxalifət də bu tarixin simvolizmini qəbul etdi. Onlar üçün bu, hakimiyyəti müharibənin idarə edilməsindəki iflasa görə tənqid etməyə imkan verən bir örtük oldu. Teleqramda geniş sitat gətirilən paylaşımlarda həbsdə olan prokremlçi müharibə tənqidçisi İqor Girkinin uzunmüddətli silahdaşı Maksim Kalaşnikov yazırdı ki, Rusiya “qan, xarabalıqlar və itkilərlə” qalıb, digər ölkələr isə - Çin və ABŞ kimi - bundan fayda götürür.

Bu səslərin, anti-müharibə rus mühacirlərin, ukraynalı müşahidəçilərin və rus ultramillətçi dissidentlərin bir araya gəlməsi, eləcə də 1418 gün həddi ətrafında rəsmi susqunluq nadir bir məqamı göstərir: empirik reallıq Kremlin narrativ üzərində nəzarətini üstələyir. Rusiyanın “xüsusi hərbi əməliyyatı” artıq onu quranların müəyyən etdiyi bütün meyarlara görə obyektiv şəkildə iflasa uğrayıb. İlkin elan olunan məqsədlər, “denasifikasiya”, “demilitarizasiya” və Kiyevdə rejim dəyişikliyi  təkcə həyata keçməyib, hətta işğalın başlanğıcındakından da daha uzaqlaşıb. Xroniki gecikmələrə və özünü məhdudlaşdırmalara baxmayaraqUkrayna ordusu çökməyib, Ukrayna dövləti dağılmayıb, Qərb dəstəyi yoxa çıxmayıb. 

Rus təbliğatının illərlə qurduğu müqayisə dəqiq, təqvim əsaslı ittihama çevrilib. Sovet İttifaqının Moskva ətrafından Berlində Reyxstaqa qədər yol getdiyi eyni müddətdə Vladimir Putinin Rusiyası Ukrayna kəndləri uğrunda diviziya miqyaslı itkilərlə döyüşüb və Pokrovsk və Kupyanskın xarabalıqlarını belə tam ələ keçirə bilməyib; halbuki Putin bu kiçik şəhərlərin “azad edildiyini” yalan şəkildə bəyan etmişdi.

Daha da göstəricisi odur ki, müharibənin ən sadiq tərəfdarları arasında belə inamın çökməsi baş verir. Jurnalist Culiya Devisin ingilisdilli auditoriya üçün sistemli şəkildə sənədləşdirdiyi kimi, illərlə qarşısıalınmaz “katok” obrazını satan Rusiya dövlət televiziyası indi “tam xaos” etiraflarına və Rusiya iqtisadiyyatının Venesuela və ya İranın taleyini təkrarlaya biləcəyi barədə xəbərdarlıqlara yol verir. Bu ay televiziya aparıcısı və Putinin ən etibarlı təbliğatçılarından biri Vladimir Solovyov efirdə müharibənin “uzun” sürəcəyini və Rusiyanın neft gəlirlərinə söykənməyən iqtisadiyyata hazırlaşmalı olacağını dedi. Eyni zamanda o, “nəhəng problemləri” və “real durğunluğu” etiraf etdi. Yuri Kotyonok kimi pro-müharibə hərbi bloqerlər isə kəskin canlı qüvvə çatışmazlığından və Ukrayna əks-hücumlarının Rusiya qoşunlarını möhkəmləndirilmiş mövqelərdən sıxışdırıb çıxarmasından şikayətlənirlər. Bu isə əvvəlki “qaçılmaz qələbə” ritorikası ilə kəskin ziddiyyət təşkil edir.

1418 gün həddi təkcə simvolik rüsvayçılıq deyil; bu, empirik bir sərhəddir. Ondan sonra bu müharibəni daşıyan miflər artıq işləmir. Kremlin təbliğatçıları “tam xaos”dan danışanda, ultramillətçi bloqerlər “qan, xarabalıqlar və itkilər” deyəndə, müharibəni əsaslandırmalı olan zaman xətti onu ittiham etməyə başlayanda narrativ üzərində nəzarət dağılır. Ortada artıq nəticələr barədə mübahisə yox, fəlakətin yavaş, tükəndirici şəkildə dərk edilməsi qalır. Rusiyanın tarixi olaraq qabaqcadan müəyyən olunmuş qarşısıalınmaz “katok” mifı tükənib, Ukrayna tərəfindən dağıdılıb və təqvim tərəfindən məğlub edilib.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr