Çin hakimiyyəti ABŞ-a daxil olan Çin vətəndaşlarının əsassız saxlanılması və dindirilməsinə sərt etirazını bildirib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan məlumat verib.
Diplomatın sözlərinə görə, ABŞ hüquq-mühafizə orqanları son dövrlər Çin şirkətlərinin əməkdaşlarını əsassız şəkildə dəfələrlə dindirib, saxlayıb və deportasiya edib. O qeyd edib ki, bu hallar Çin vətəndaşlarının hüquq və mənafelərinin kobud şəkildə pozulmasıdır.
Lin Tszyan vurğulayıb ki, bu cür metodlar normal işgüzar mübadilə mühitinə zərər vurur və iki ölkə arasında əməkdaşlığa xələl gətirir. Pekin baş verənləri Çin biznesinə qarşı düşmənçilik addımları kimi qiymətləndirir.
Bildirilib ki, Çin Xarici İşlər Nazirliyi məsələni nəzarətə götürüb.