Qahirə şəhərində “Dini və media diskursundan faydalanma, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
İki gün davam edən konfrans Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi ilə, əl-Əzhər əl-Şərif və Misirin Qadınlar üzrə Milli Şurası tərəfindən təşkil olunub.
Konfransın birinci günündə İƏT Baş Katibi, Misirin Baş naziri Mustafa Mədbuli, əl-Əzhər əl-Şərifin şeyxi, böyük imam Əhməd əl-Tayyib, eləcə də İƏT-ə üzv dövlətlərin müvafiq qurumlarının rəhbərləri və dövlət rəsmiləri çıxış ediblər.
Beynəlxalq tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentlərin xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə də iştirak edib. O, “Qadın alimlərin sahibkarlıqda rolu” mövzusunda məruzəsini təqdim edib.
Tubuxanım Qasımzadə çıxışında qadın tədqiqatçıların analitik yanaşma, innovasiya və bilik tələb edən müəssisələr qurmaq bacarığı sayəsində sahibkarlıqda müqayisəli üstünlüyə malik olduqlarını qeyd edib. O, həmçinin qadınların cəmiyyətdə rolunun möhkəmləndirilməsində elm və təhsilin əhəmiyyətinə toxunub. Bildirib ki, qadınların elmi nailiyyətləri, xüsusən də yüksək texnologiyalı sektorlarda yeni bizneslərin yaradılmasına və inkişafına birbaşa töhfə verir, iqtisadi imkanları genişləndirir və tərəqqini sürətləndirir.
Məruzəçi qeyd edib ki, qadın alimlər təkcə tədqiqatçı deyil, həm də müasir sahibkarlığın inkişafında güclü bir qüvvədirlər. Onlar biznesdə əhəmiyyətli uğurlar qazanıb, elmi təcrübələrindən istifadə edərək innovativ şirkətlər yaradıblar.
“Qadınların elmi təcrübəsi və innovativ düşüncəsi onlara iqtisadi və sosial tərəqqiyə əhəmiyyətli töhfə verən uğurlu bizneslər yaratmağa imkan verir”, – deyə bildirən Tubuxanım Qasımzadə qadınların sahibkarlıq fəaliyyətinə inteqrasiyasının gələcəyin innovativ və dinamik iqtisadiyyatının qurulmasında önəmini vurğulayıb.
Tubuxanım Qasımzadə, həmçinin konfrans çərçivəsində təşkil olunan “Qadın sahibkarlığı – Ən yaxşı təcrübələr” adlı sessiyada sualları cavablandırıb.
İki gün davam edən beynəlxalq mərasimdə qadınların dini və ideoloji ekstremizmlə mübarizədə, eləcə də sülh və təhlükəsizlikdə rolu, qadınlarla bağlı ictimai şüurun formalaşmasında media, mədəniyyət və incəsənətin əhəmiyyəti, qadın və qızların iqtisadi hüquqları, ÜDM-ə töhfəsi və kiber zorakılıqdan qorunması mövzuları müzakirə olunub.
Konfransın sonunda “Qahirə Bəyannaməsi”nin qəbul edilməsi gözlənilir.
Qabil YUSİFOĞLU
XQ