AZ

Pezeşkiyan ABŞ ilə nüvə danışıqlarına başlamaq barədə göstəriş verdi

Pezeşkiyan ABŞ ilə nüvə danışıqlarına başlamaq barədə göstəriş verdi

İran Prezidenti Məsud Pezeşkiyan nüvə məsələsi ilə bağlı Amerika Birləşmiş Ştatları ilə danışıqların başlanması barədə göstəriş verib. İranın yerli mediasında yer alan xəbərlərə görə, Tehran və Vaşinqton arasındakı diplomatik prosesin yaxın günlərdə sürətlənəcəyi gözlənilir.

Tehran mərkəzli SNN xəbər agentliyi Pezeşkiyanın Vaşinqtonla nüvə mövzularında müzakirələrin bərpasına dair əmr verdiyini duyurub. "Tasnim" xəbər agentliyinə danışan mənbələr isə danışıqların böyük ehtimalla İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff səviyyəsində keçiriləcəyini qeyd ediblər.

Tehrandan ehtiyatlı yanaşma

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün verdiyi açıqlamada sanksiyaların ləğvi və milli maraqların qorunması fonunda ABŞ ilə mümkün danışıqların strukturunu diqqətlə nəzərdən keçirdiklərini bildirib. Bəqayi diplomatik prosesdə ehtiyatlı və zamanın həssaslığını nəzərə alan bir yanaşmanın vacibliyini vurğulayıb.

Tramp administrasiyasından "yaşıl işıq"

"Axios"un yaydığı məlumata görə, Donald Tramp administrasiyasının erkən bir tarixdə görüş keçirməyə hazır olduğu bildirilir. Bu addım 2025-ci ilin iyun ayında İsrailin İranın nüvə obyektlərinə təşkil etdiyi hücumlardan və sonradan yaşanan gərginlikdən bəri ilk ciddi diplomatik təmas cəhdi kimi qiymətləndirilir.

Tehran və Vaşinqton 2025-ci ildəki toqquşmalardan əvvəl Omanın vasitəçiliyi ilə beş raund dolayı danışıqlar keçirmişdi. Maskatda keçirilməsi planlaşdırılan altıncı raund isə bölgədəki hücumlar və ABŞ-ın İranın nüvə obyektlərinə qarşı tutumu səbəbindən ləğv edilmişdi. İran tərəfi etimadın yenidən bərpası üçün ABŞ və Avropanı səmimiyyət nümayiş etdirməyə və həddindən artıq tələblərdən əl çəkməyə çağırıb.

Seçilən
2
50
afn.az

10Mənbələr