AZ

Azərbaycan derbisi təxirə salına bilər, amma... - "Qarabağ" "Neftçi"dən asılı durumda!

Xəbər verdiyimiz kimi, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la qarşılaşacaq. Qurban Qurbanovun komandası ev oyununu fevralın 18-də, İngiltərədəki səfər matçını isə 24-də keçirəcək.

İş ondadı ki, "köhlən atlar" Misli premyer-liqasının 21-ci turunda "Neftçi"nin qonağı olacaq. Matçın dəqiq tarixi bilinməsə də, fevralın 20-22-si aralığında keçiriləcəyi bəllidi. Belədə Azərbaycan derbisinin təxirə salınması ehtimalı gündəmə gəlir. Axı ağdamlılar 24-də baş tutmalı olan matç üçün 22-də İngiltərəyə yola düşməlidi. Oyunun 20 və ya 21-də keçirilməsi isə "Qarabağ"ın "Nyukasl"ın meydanında keçirəcəyi qarşılaşmanın nəticəsinə təsir göstərə bilər.

Hazırda məhz bu məqam üzündən komandaların bəzi azarkeşləri arasında gərginlik yaranıb. "Qarabağ" tərəfdarları qarşı tərəfin bu fürsətdən istifadə edərək Azərbaycan derbisində uzun müddətdi həsrətini çəkdiyi qələbəni əldə etmək niyyətində olduğunu deyir. "Neftçi" azarkeşləri isə klubları tərəfindən əzəli rəqibə güzəşt edilməməsini istəyir. Söhbət vacib Çempionlar Liqası sınağından getsə belə! Öz aramızdı, bəlkə də "ağ-qaralar" ağdamlıları bu yarışın pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik etməməklə Azərbaycan derbisinin taleyiylə bağlı mövqeyini də ortaya qoydu.

Bəs, premyer-liqanın reqlamenti nə deyir? Xatırlayırsızsa, 1-ci turun "Sabah" - "Qarabağ" matçı təxirə salınmışdı. Bu dəfə də eyni halın baş verməsi mümkündümü?

Bu sualla Peşəkar Futbol Liqasının Media və Marketin departamentinin rəhbəri Sənan Abdullayevə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Bəli, mümkündü. Əsasnaməyə görə, avrokubokların pley-off mərhələsində çıxış edən komanda bir oyunun təxirə salınması üçün PFL-ə müraciət edə bilər. Amma bunun üçün qarşı tərəfin də razılığı olmalıdı".

Göründüyü kimi, "Neftçi" razı olmasa, "Qarabağ" Azərbaycan derbisində meydana çıxmalı olacaq. Lakin daha bir vacib məqam var. Beynəlxalq oyun qaydalarına görə, komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxt qorunmalıdı. PFL 21-ci turun oyun cədvəlini tərtib edərkən bunu da nəzərə almağa məcburdu.

KƏNAN BAHADIR
Seçilən
1
1
football-plus.az

2Mənbələr