AZ

“Sabah”da işlər yolunda - Dambrauskasın yeni kəşfi!

Artıq “Sabah”ın qələbələri heç kimdə təəccüb doğurmur.

Valdas Dambrauskas və komandası “Turan Tovuz”, “Zirə” kimi möhkəm müdafiə xəttinə malik komandalarla səfər oyunlarında da 3 qol vuraraq, 3 xal qazanmağı bacarır.

Əvvəlki mövsümlərdə “Sabah”da stabilliyin çatışmaması ilə bağlı danışarkən məhz bu xüsusiyyətin əskikliyi nəzərdə tutulurdu. İndi isə “Sabah” hətta iddialılarla səfər matçlarında da 3 xalı aktivinə yazmaqda çətinlik çəkmir.

Şənbə günü Zirə idman kompleksinin stadionunda cari mövsüm görməyə öyrəşdiyimiz “Sabah”ın şahidi olduq.

“Bayquşlar” ilk dəqiqələrdən öz oyununa sadiq qaldı, rəqibi səhv etməyə məcbur etdi və lazım olan anda lazım olan qolları vuraraq, oyunun taleyini ilk hissənin 17 dəqiqəsində vurulmuş 3 qolla həll etdi.

Buna baxmayaraq, “Zirə”nin bu matçda heç də zəif oynadığını demək olmaz. Rəşad Sadıqovun yetirmələri oyun ərzində bir neçə qol fürsəti yaratmağa nail oldu.

Oyundan sonra Dambrauskasın da dediyi kimi, hətta hesab 0:2 olduğu zaman zirəlilər əldə etdiyi 2 yaxşı qol imklanından faydalansaydı, nəticə və ya oyunun gedişatı tam başqa cür ola bilərdi.

Ancaq olmadı, “Sabah” növbəti qələbə ilə “Qarabağ”la xal fərqini bu tur da 4 xalda saxladı. “Sabah” artıq Coy-Lens Mikels olmadan da qolları sıralaya bilir.

Təsadüfi deyil ki, bu matçda da fərqlənən Velko Simiç çempionatda qollarının sayını Mikelslə bərabərləşdirdi – 9 qol.

Hazırda həm serbiyalı yarımmüdafiəçi, həm də alman vinger Premyer Liqanın bombardirlər siyahısına başçılıq edirlər. Bu oyunda mövsümün əvvəlində “Qarabağ”dan “Sabah”a qayıdan Aleksey İsayevi də xüsusi qeyd etmək lazımdır.

Azərbaycan millisinin də üzvü olan Aleksey oyunda vurulan hər 3 qolun ötürməsinin müəllifi oldu. “Qarabağ”dakı performansından sonra bir çoxu Alekseyin karyerasının artıq geriyə doğru getdiyini, “Sabah”da gördyümüz əvvəlki Alekseyin artıq tarixdə qaldığını iddia edirdi.

Futbolçu son oyunlardakı göstəriciləri ilə həmin Aleksey olduğunu, sadəcə, daha öncə lazım olan yerdə olmadığını göstərdi.

İsayevlə yanaşı, Azərbaycan millisinin daha bir üzvü – Xəyal Əliyev də bu oyunda fərqləndi – məhsuldar ötürmə ilə yox, qolla. Xəyal qol vurmaqla “Sabah”ın heyətində uzun müddətli susqunluğuna son qoydu.

“Sabah”da hazırda mövcud olan hücumçu qıtlığı fonunda (Pavol Şafranko və Coy-Lens Mikels zədəlidir) Dambrauskas Əliyevi məhz hücumun sivri ucunda sınayır ki, “Sabah”ın yeni “9 nömrə”si bu baxımdan da heç də pis təsir bağışlamır.

Xəyalda standart hücumçuya xas bütün keyfiyyətlər olmasa da, meydanda dayanmadan qaçır, rəqibi yorur və rəqib müdafiəçiləri öz üzərinə çəkərək, komanda yoldaşları üçün boşluq yaradır.

Futbolçunun əsl möqeyinin mərkəz hücumçusu olmadığını nəzərə alsaq, onun performansını kifayət qədər qənaətbəxş saymaq olar. Bu baxımdan, Dambrauskasın Xəyalı bu mövqedə kəşf etdiyini desəm, bəlkə də yanılmaram.

“Sabah” bu oyundan da 3 xalla ayrıldı. Bu 3 xalın sadəcə, nəticə olaraq yox, həm də yenə yaxşı oyunla qazanılması bu komandanın sabahına olan inamı artırır.

Xəlil Sadıq

Seçilən
9
sportinfo.az

1Mənbələr