AZ

Ronaldu meydana çıxmaq istəmədi

BAKI, 2 fevral. TELEQRAF

Kristianu Ronaldu formasını geyindiyi “Əl-Nəsr”in bu gün keçiriləcək “Əl-Riyad”la səfər matçında meydana çıxmaya bilər.

Teleqraf “A Bola”ya istinadən xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı təmsilçisində son vaxtlar yaşanan hadisələrdir.

40 yaşlı futbolçunun əsas narazılığı klubun qış transfer dövründə passiv mövqe tutması ilə bağlıdır. Bildirilir ki, Ronaldo xüsusilə transferlərdə rəqiblərindən geri qalınmasından ciddi şəkildə narahatdır.

Qeyd olunur ki, “Əl-Nəsr”in Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fonduna bağlı olmasına baxmayaraq, transfer bazarında gözlənilən addımların atılmaması diqqət çəkir. Baş məşqçi Jorje Jezusun heyətə yeni futbolçular cəlb olunması ilə bağlı istəklərinə baxmayaraq, rəhbərliyin bu tələbləri yerinə yetirmədiyi, əvəzində əzəli rəqib “Əl-Hilal”ın ciddi yatırımlar etdiyi vurğulanır.

Həmçinin “Əl-Hilal”ın “Əl-İttihad”ın futbolçusu Kərim Benzema ilə razılığa gəldiyi barədə iddialara da yer verilib.

Xatırladılır ki, “Əl-Nəsr” indiyədək yalnız iraqlı gənc futbolçu Heydər Əbdülkərimi transfer edib. Mövsüm üzrə transfer xərclərinə nəzər saldıqda, “Əl-Hilal” liqada birinci pillədə, “Əl-Nəsr”in isə dördüncü yerdə qərarlaşıb.

Seçilən
18
teleqraf.com

1Mənbələr