Ermənistanın hüquq-mühafizə orqanları Erməni Apostol Kilsəsinin daha altı yepiskopuna ittiham irəli sürüb. Keçən il ölkədə üç arxiyepiskop və bir yepiskop həbs edilib. Amma İstintaq Komitəsinə çağırılan altı nəfər saxlanılmayıb. İstintaq müddətində onların Ermənistandan çıxışına qadağa qoyulub.
Bu səbəbdən onlar kilsənin ali ruhanilərinin Avstriyada təcili konfransına qatıla bilməyəcəklər. Vəkilləri və Eçmiədzində yerləşən Müqəddəs Taxt-Tac bildirir ki, ittihamlar elə fevralın 16-19-na planlaşdırılan konfransın qarşısını almağa yönəlib.Ermənistanın baş naziri Nikol Paşinyan katolikos II Qaregini vəzifədən uzaqlaşdırmağa çalışır, ölkədə cinayət təqibinə məruz qalan yüksəkrütbəli din xadimlərinin sayı artıq 10-a çatıb.
Yanvarın 27-də II Qaregin Paşinyan tərəfdarı bir yepiskopu rütbəsindən salmaq qərarı verib. Qevorq Saroyan yanvarın əvvəlində Ermənistanın cənubundakı Ararat vilayətinin bir hissəsini əhatə edən Masiatsotn Yeparxiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Amma Paşinyanın ürəkləndirdiyi Saroyan bu qərara tabe olmayıb, məhkəməyə üz tutub. Rayon məhkəməsi presedenti olmayan qərar çıxarıb - yanvarın 16-da Saroyan iddiası üzrə yekun qərar verilənədək vəzifəsinə bərpa olunub. İstintaq Komitəsi isə Ali Ruhani Şura Saroyanın rütbədən salınmasını tövsiyə edəndən sonra cinayət işi açıb. Şurada təmsil olunan altı yepiskop və daha bir keşiş məhkəmə qərarının icrasına mane olmaqda günahlandırılıb. Onların hamısı günahsız olduqlarını bildiriblər. Kilsəbəyanat verərək hakimiyyətin kilsənin daxili işlərinə növbəti müdaxiləsini qətiyyətlə pisləyib. İttihamların, səfər qadağasının II Qareginin çağırdığı yepiskoplar toplantısını pozmağa yönəldiyi bildirilib. Toplantı dekabrın 10-12-də Eçmiədzində keçirilməli idi, sonradan təxirə salınıb. Qareginin ofisi bunu din xadimlərinə qarşı repressiyalarla izah edib. Sonradan toplantının xaricdə keçiriləcəyi açıqlanıb.
Tənqidçilərin fikrincə, Paşinyan bu görüşün qarşısını almaq istəyir, çünki bu toplantı katolikosun hələ də ali ruhanilərin dəstəyinə malik olduğunu göstərə bilər. Saroyan daxil, baş nazirə sadiq 10 arxiyepiskop və yepiskop isə baş naziri dəstəkləyir. Qareginin tərəfdarları sonda onun özünün də saxlanıla və ya ittiham oluna biləcəyindən ehtiyatlanır. "Azatutyun" İstintaq Komitəsinin son addımlarının bu ehtimalı artırdığını yazır. Paşinyan Qaregin və digər ruhaniləri xarici dövlət, ehtimalən Rusiya üçün casusluqda günahlandırıb. Amma Rusiya xarici işlər naziri Sergey Lavrov bu iddianı təkzib edib.
Ramil QULİYEV