200 m tunelin inşası zamanı "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılması nəzərdə tutulub.
Bu barədə Far.Az-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, bu zaman sərnişinlərin yerüstü ictimai nəqliyyatdan istifadəsi zəruri olacaq:
"Lakin Yaşıl xətt üzrə qatarlar "Dərnəgül-Nizami" istiqamətində hərəkət edəcək. Xətlər ayrıldıqdan sonra Yaşıl xətt üzrə "Dərnəgül-Xətai" istiqamətində müstəqil hərəkət təşkil olunacaq. Sərnişinlər Yaşıl və Qırmızı xətlər arasında "28 May" və "Cəfər Cabbarlı" stansiyalarında keçid edəcəklər".
Qeyd olunub ki, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, xətlərin ayrılması layihəsi mərhələli şəkildə icra olunur. Layihənin icrası dövründə "28 May" stansiyasında hərəkət məhdudlaşdırılmayacaq. Belə ki, Qırmızı xətdə ("İçərişəhər-Həzi Aslanov"), o cümlədən bu xəttin stansiyası kimi "28 May" stansiyasında hər iki istiqamətdə qatarların hərəkətində heç bir məhdudiyyət nəzərdə tutulmur.