
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ölkədə hazırda qüvvədə olan 1975-ci il konstitusiyasının dəyişdirilməsi üçün rəsmi prosesin başladığını bəyan edib. Mitsotakis yayımladığı videomüraciətdə Yunanıstanda konstitusiya dəyişikliyi ilə bağlı ictimai müzakirələrə bu gündən etibarən start verildiyini duyurub.
Baş nazir postu ilə yanaşı, iqtidarda olan "Yeni Demokratiya" partiyasının lideri olduğunu xatırladan Mitsotakis ilk növbədə partiyanın parlament fraksiyasından mart ayına qədər konstitusiya islahatları ilə bağlı təkliflərini hazırlamağı xahiş edib.
Mitsotakis 50 il əvvəl qəbul edilmiş mövcud ana qanun haqqında bu fikirləri səsləndirib: "Bu sənəd 50 il ərzində həqiqətən də siyasi sabitliyi və nizamı təmin etdi. O, canlı bir mətndir. Digər tərəfdən, bu, konstitusiyanın 20-ci əsrə aid olduğu reallığını dəyişmir".
Müasir dünyanın üzləşdiyi süni intellekt və iqlim böhranı kimi yeni konseptlərin nəzərə alındığı yeni bir konstitusiyanın hazırlanma vaxtının çatdığını qeyd edən Baş nazir, mühüm islahatlara ehtiyac olduğunu bildirib. O, xüsusilə nazirlərin vəzifə başında törətdikləri cinayətlərə görə mühakimə olunması və "dərin dövlət"lə mübarizə kimi mövzularda yeni, dayanıqlı təməllərin yaradılmasının vacibliyini vurğulayıb.
Təklif olunan əsas dəyişikliklər
Mitsotakis konstitusiya islahatı üçün bir sıra şəxsi təkliflərini də irəli sürüb:
Prezidentin yalnız bir dəfə və 6 il müddətinə seçilməsi;Ali məhkəmə hakimlərinin təyinatında hakimlərin öz seçimlərinin daha böyük rol oynaması.
Digər siyasi partiyalardan və bütün vətəndaşlardan təkliflər gözlədiyini ifadə edən Mitsotakis "Niyyətimiz cəsarətli bir konstitusiya dəyişikliyinə nail olmaqdır" deyə əlavə edib.