ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarını birləşdirən Conference of Presidents of Major American Jewish Organizations-un nümayəndə heyətinin fevralın 9-dan etibarən Azərbaycana rəsmi səfər edəcəyi bildirilib.
Nümayəndə heyətinə Konfransın icraçı sədrinin fəxri müavini Malcolm Hoenlein rəhbərlik edəcək. O, uzun illərdir ABŞ yəhudi icmasının aparıcı simalarından biri kimi diplomatik fəaliyyətlə tanınır.
Məlumata görə, səfərin əsas məqsədi Azərbaycan rəhbərliyinə ölkədə yəhudi icmasına göstərilən ardıcıl dəstəyə və müsəlman çoxluqlu cəmiyyətdə dini tolerantlığın qorunmasına görə təşəkkürün ifadə olunmasıdır.
Nümayəndə heyəti, həmçinin Azərbaycanla İsrail arasında formalaşmış möhkəm tərəfdaşlıq münasibətlərini vurğulamağı planlaşdırır. Bildirilir ki, Bakı ilə Qüds arasında son illərdə strateji, iqtisadi və mədəni əlaqələr genişlənib.
Konfrans 50-dən çox aparıcı Amerika yəhudi təşkilatını birləşdirir və ABŞ–İsrail münasibətləri, qlobal yəhudi icmalarının maraqları və beynəlxalq siyasət üzrə koordinasiyaedici platforma kimi fəaliyyət göstərir.
Səfər Azərbaycanın dini dözümlülük modeli və İsrail, eləcə də qlobal yəhudi icması üçün etibarlı tərəfdaş kimi mövqeyini bir daha önə çıxarır.
N.Təbrizli