AZ

Dollarla bağlı vacib PROQNOZ – Bu halda…

Azərbaycanda dolların məzənnəsi ilə bağlı son dövrlər müzakirələr fonunda rəsmi və ekspert mövqeləri bazarda kəskin dəyişiklik üçün əsasların olmadığını göstərir. Hazırda ABŞ dollarının məzənnəsi 1,7000 manat səviyyəsində sabit qalır və bu göstərici birbaşa Azərbaycan Mərkəzi Bankının nəzarəti altındadır.

İqtisadçılar bildirirlər ki, mövcud mərhələdə makroiqtisadi sabitlik qorunur, həm Mərkəzi Bankın, həm də Dövlət Neft Fondunun valyuta ehtiyatları kifayət qədər yüksəkdir və bu amil manatın məzənnəsi üçün əsas dayaq rolunu oynayır. Xarici borclanmanın idarəolunan səviyyədə qalması, dövlətin valyuta siyasətində ehtiyatlı mövqe tutması da məzənnə ilə bağlı qısamüddətli riskləri minimuma endirir. Bununla yanaşı, neft qiymətlərinin büdcədə nəzərdə tutulan səviyyəyə yaxın olması müsbət faktor sayılsa da, hasilatın azalması səbəbindən neft sektorundan daxilolmaların geriləməsi orta və uzunmüddətli dövrdə diqqətlə izlənməli məqam kimi qiymətləndirilir.

Məsələ ilə bağlı iqtisadçı ekspert Əli Cabbarov NOCOMMENT.az -a açıqlamasında bildirib ki, hazırkı şəraitdə dolların məzənnəsinin dəyişməsi üçün kəskin iqtisadi və ya maliyyə əsasları mövcud deyil, çünki valyuta kursu inzibati alətlər vasitəsilə tənzimlənir və Mərkəzi Bank bu prosesi tam nəzarətdə saxlayır.

Onun sözlərinə görə, valyuta bazarında sabitliyin qorunması ilk növbədə ölkəyə daxil olan xarici maliyyə axınlarından və onların düzgün idarə olunmasından asılıdır:

“Neft və qaz hələ də Azərbaycanın əsas ixrac məhsullarıdır və valyuta daxilolmalarının böyük hissəsi bu sektordan formalaşır. Əgər hasilat azalması fonunda gəlirlər düşürsə, bu fərq mütləq qeyri-neft sektoru hesabına kompensasiya olunmalıdır. Əks halda, orta perspektivdə valyuta balansında müəyyən təzyiqlər yarana bilər”.

Əli Cabbarov vurğulayıb ki, hazırda mövcud risklər daha çox xarici amillərlə, xüsusilə dünya bazarlarında neft qiymətlərinin dəyişkənliyi ilə bağlıdır və bu risklər dərhal məzənnəyə təsir edən faktorlar deyil.

Onun fikrincə, Mərkəzi Bankın əlində kifayət qədər maliyyə alətləri var və zərurət yaranarsa, bazara müdaxilə etməklə sabitliyi qorumaq mümkündür:

“Manatın bugünkü məzənnəsi iqtisadi reallıqlarla deyil, daha çox idarə olunan valyuta siyasəti ilə müəyyən olunur. Bu siyasət qısamüddətdə sabitlik yaradır. Amma uzunmüddətli sabitlik üçün iqtisadiyyatın ixrac potensialının şaxələndirilməsi əsas şərtdir”.

Ekspert hesab edir ki, qeyri-neft sektorunun ixrac imkanları genişləndirilmədiyi, ölkəyə davamlı valyuta axınları təmin olunmadığı halda gələcək illərdə məzənnə ilə bağlı müzakirələr yenidən aktuallaşa bilər.

Bununla belə, hazırkı mərhələdə həm ehtiyatların həcmi, həm də maliyyə intizamı manatın məzənnəsi üçün real təhlükənin olmadığını göstərir və ABŞ dollarının 1,7000 manat səviyyəsində qalması yaxın dövr üçün ən real ssenari hesab olunur.

Seçilən
19
nocomment.az

1Mənbələr