AZ

Ombudsman gənclərə müraciət etdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2 Fevral - Gəncləri Günü münasibətilə gənclərə müraciət edib.

Milli.Az xəbər verir ki, müraciətdə deyilir ki, Azərbaycan gəncliyi hər zaman dövlətin ali diqqət və qayğısı ilə əhatə olunub.

Bildirilib ki, Azərbaycan gəncliyi vətənin taleyini müəyyən edən tarixi məqamlarda öz sözünü deyib:

"Vətən müharibəsində gənclərimizin göstərdiyi rəşadət, fədakarlıq və qətiyyət xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb. Gənclərimiz bu müharibədə üzərlərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirərək dövlətimizin ərazi bütövlüyünün bərpasında həlledici rol oynayıblar. Siz Azərbaycanın bu günü və sabahısınız. Düşüncəniz, enerjiniz, yaradıcılığınız və təşəbbüskarlığınız cəmiyyətimizin inkişafına yeni nəfəs verir. Gənclərin fəallığı hüquqi dövlətin möhkəmləndirilməsində, ədalətli və güclü vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır".

Səbinə Əliyeva gənclərin hüquq və azadlıqlarını bilmələrinə, onlardan yararlanmaqlarına və digər şəxslərin hüquq və azadlıqlarına hörmətlə yanaşmasına diqqət çəkib, bütün bunların hər bir gəncin üzərində duran vacib vəzifə olduğunu deyib:

"Hüquqi maarifləndirmə gənclərin risklərə qarşı daha hazırlıqlı olmasına, düzgün qərarlar verməsinə kömək edir və cəmiyyətdə öz mövqelərini inamla ifadə etmələrinə şərait yaradır. Hüquqlarını bilən və hüquqi biliklərə malik gənclər dövlətin və cəmiyyətin inkişafında daha fəal iştirak edirlər. Əminəm ki, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı və müasir dünyagörüşlü Azərbaycan gəncliyi ölkəmizin gələcəyini daha ədalətli, təhlükəsiz və güclü edəcəkdir".

Milli.Az

Seçilən
16
7
milli.az

8Mənbələr