"2025-ci ildə qızılın qiyməti 65% artaraq investorların diqqətini cəlb etdi və son illərdə 2020-ci illə müqayisədə üç dəfə baha satıldı". SİA mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimlinin fikirlərini öyrənib.
.jpg)
O bildirib ki, bu artımın əsas səbəbləri arasında qlobal risklərin və geosiyasi gərginliklərin artması, ABŞ-ın ucuz dollar siyasəti gözləntiləri, Federal Ehtiyat Sisteminin (Fed) faiz dərəcələrini aşağı salacağına dair proqnozlar və investor maraqlarının yüksəlməsi göstərilə bilər: "Qızıl həm fərdi, həm də institusional investorlar üçün etibarlı və cəlbedici aktivə çevrilib.
Bazar iştirakçıları bilirlər ki, birjalarda davamlı və sürətli qiymət artımı uzunmüddətli perspektivdə mümkün deyil. Sürətli yüksəlişlərdən sonra bazarlarda korreksiyalar qaçılmaz olur, çünki investorlar mənfəət götürür və satışlar qiymətlərin müvəqqəti düşməsinə səbəb ola bilər. Ötən həftə qızılın qiymətində baş verən kəskin düşüş də bu prosesin təzahürü idi və əsas səbəb ABŞ-da Fed-in rəhbərliyinə dair gözləntilərin dəyişməsi oldu.
Bazarlar əvvəlcə Kevin Hassetin ucuz dollar və aşağı faiz siyasəti aparacağı gözləntiləri ilə hərəkət edirdi. Lakin namizəd Kevin Vorşun Fed-ə rəhbər təyin olunması elan edildikdən sonra vəziyyət dəyişdi. Vorşun həm təcrübəli, həm də nüfuzlu maliyyə mütəxəssisi olaraq qiymətləndirilir və onun rəhbərliyi altında Fed-in müstəqilliyini qoruyacağı gözləntiləri dolların məzənnəsini gücləndirdi. Bunun nəticəsi olaraq qızılın qiyməti müvəqqəti olaraq ucuzlaşdı.
Eyni zamanda, ABŞ-İran danışıqları və regional geosiyasi gərginliklər fonunda qlobal iqtisadiyyatda bəzi qeyri-müəyyənliklər yarandı. Buna baxmayaraq, analitiklər bildirirlər ki, qızıl bazarında bu eniş yalnız müvəqqətidir. Uzunmüddətli perspektivdə qızılın qiymətləri müxtəlif investor maraqları, inflyasiya gözləntiləri və qlobal bazar faktorları ilə yenidən formalaşa bilər. Beləliklə, qızıl həm riskdən qorunma, həm də sərvət qoruma aləti kimi öz əhəmiyyətini saxlayır".