AZ

Vuçiçin 48 saat proqnozu alt-üst oldu: Tramp İranla bağlı dünyanı BELƏ ALDADIR: YENİ DETALLAR

Serbiya Prezidenti Aleksandr Vuçiçin ABŞ-ın yaxın 48 saat ərzində İrana hərbi zərbə endirəcəyi ilə bağlı açıqlaması beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub. Məsələnin nə dərəcədə real olduğu isə hələ də sual altındadır. Maraqlıdır, İran 48 saat içində vurula bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırkı hərbi-siyasi qarşıdurmanın necə nəticələnəcəyini indidən dəqiq demək mümkün deyil:

“ABŞ-ın İrana hərbi zərbə endirəcəyini qəti şəkildə iddia etmək doğru olmaz. Hətta ümumilikdə bu müharibənin nə vaxt başlayacağını müəyyənləşdirmək belə çox çətindir. Serbiya Prezidenti Aleksandr Vuçiç belə bir iddia irəli sürüb, ola bilsin ki, onun müəyyən kəşfiyyat məlumatları var. Avropa ölkələri və ya ABŞ bu barədə hansısa məlumatları bölüşmüş də ola bilər. Buna görə də belə bir açıqlama verib”.

Politoloqun sözlərinə görə, mövcud mənzərə ABŞ-ın yaxın zamanda İrana qarşı hərbi müdaxiləyə hazırlaşdığını tam şəkildə təsdiqləmir:

“Hazırkı görüntülərdən çıxış edərək ABŞ-ın İrana nə vaxt və ümumiyyətlə zərbə endirib-endirməyəcəyini demək çətindir. İranın ətrafında olduqca mürəkkəb və gərgin vəziyyət formalaşıb. Səhnə arxasında isə diplomatik təmaslar davam edir”.

Elçin Xalidbəyli qeyd edib ki, ABŞ rəhbərliyi də münaqişənin hərbi yox, siyasi-diplomatik yolla həllində maraqlı olduğunu bəyan edir:

“Donald Tramp son açıqlamalarında İranla bağlı problemin diplomatik yolla həllinə üstünlük verdiyini bildirib. ABŞ hərbi güc nümayiş etdirsə də, əslində İranla müharibədə maraqlı görünmür. Daha çox anlaşma istiqamətinə yaxın mövqe sərgiləyir. Əgər İran ABŞ-ın şərtlərini qəbul edərsə, iki ölkə arasında hərbi qarşıdurma baş verməyə də bilər”.

Beləliklə, ekspertlərin fikrincə, Vuçiçin irəli sürdüyü 48 saatlıq müddət real ssenari kimi təsdiqlənmir və hazırda əsas proseslər diplomatik müstəvidə davam edir. ABŞ-İran münasibətlərində hərbi eskalasiyanın baş verib-verməyəcəyi isə yaxın günlərin deyil, daha geniş siyasi proseslərin nəticəsindən asılı olacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
26
1
konkret.az

2Mənbələr