AZ

Türkiyə-Pakistan-Səudiyyə xətti: Yeni hərbi blok, yoxsa regional əməkdaşlıq?- ÖZƏL 

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında mümkün üçtərəfli müdafiə sazişi qlobal miqyasda yeni hərbi-siyasi ittifaqın formalaşdığını göstərir. Təxminən on aydır davam edən danışıqlar artıq layihə mərhələsinə çatıb ki, bu da təşəbbüsün taktiki deyil, strateji xarakter daşıdığını təsdiqləyir. Rəsmi açıqlamalar prosesin yekun razılaşmaya doğru getdiyini göstərir. Planlaşdırılan format əvvəlki Səudiyyə-Pakistan əməkdaşlığından fərqli olaraq daha strukturlaşmış və avtonom xarakter daşıyır. Bu isə həm Səudiyyə Ərəbistanının təhlükəsizlik siyasətində çoxşaxəli yanaşmaya keçdiyini, həm də Türkiyənin regional müdafiə şəbəkələri qurmaq strategiyasını sistemli şəkildə genişləndirdiyini ortaya qoyur.
Bu mümkün üçtərəfli müdafiə sazişi NATO-nun regional təsir imkanlarını zəiflədə bilərmi və Qərbin narahatlığı nə dərəcədə əsaslıdır? Belə bir hərbi-siyasi ittifaqın formalaşması fonunda Azərbaycanın bu struktura qoşulması real perspektiv kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: 
" Düşünürım ki, bu saziş, NATO-nun regiondakı təsirinə mane olmayacaq. Çünki Türkiyə NATO ölkəsidir, Amerikanın Yaxın Şərqdəki ən böyük müttəfiqlərindən biridir. Amma bununla paralel, Amerika Birləşmiş Ştatlarının çoxdan bəri Yaxın Şərqdə NATO-ya bənzər bir təşkilat yaratmaq istəyi var. Hətta mən əvvəllər belə deyirdim ki, İbrahim sazişlərinin yaranması da məhz bununla əlaqəlidir. Amma İbrahim sazişlərinin məsafəli ölkələr var ki, Türkiyə bunlardan birincisidir. Belə olan halda, Yaxın Şərq NATO-su qurmaq üçün alternativ proqramların da mövcud olduğu görünür. Məsələn, son vaxtlar Amerikanın Qəzza ilə bağlı Sülh Şurası məsələsinin də bununla əlaqəli olduğu barədə iddialar var. Amma ümumilikdə Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə əməkdaşlığı əslində perspektivli bir ideyadır. Lakin hərbi əməkdaşlıq, hərbi blok və ittifaq- bu, çətin görünür. Əslində Pakistan ilə Səudiyyə Ərəbistanı arasında ciddi problem yoxdur. Hər iki ölkənin Amerika ilə münasibətləri yaxşıdır, Türkiyə ilə də əlaqələri müsbətdir. Amma burada düyün nöqtəsi məhz Səudiyyə Ərəbistanı faktorudur. Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında müxtəlif səbəblərlə problemlər yaranıb. İstər məzhəb məsələləri, istərsə də daxili auditoriyaya yönəlik dini mövzular əsas problemlər sırasındadır. Eyni zamanda, Səudiyyə Ərəbistanının regionda lider olmaq iddiası var. Yəni Səudiyyə Ərəbistanı İslam dünyasında liderliyin türklərə keçməsini qəbul etmək istəmir. Prinsip etibarilə Səudiyyə Ərəbistanındakı mövcud hakim ailənin Türkiyə ilə dərin tarixi ədavəti də mövcuddur. Osmanlı imperiyasının son dövrlərinə yaxın Ərəbistan yarımadasında Səudların gücləndiyi bir mərhələ olmuşdu. XIX əsrin ortalarında baş verən hadisələri nəzərdə tuturam. Həmin dövrdə mövcud kral ailəsinin babalarından biri üsyan qaldırmışdı. Həmin üsyandan sonra onun başı kəsilərək İstanbula göndərilmiş və uzun müddət qala divarlarında asılı vəziyyətdə qalmışdır. Osmanlı tarixində çox nadir hallarda baş verən hadisələrdən biridir ki, şəxsin başı uzun müddət İstanbulun giriş qapılarında nümayiş etdirilsin. Bunu ona görə qeyd edirəm ki, Səudiyyə Ərəbistanının Türkiyə ilə həm tarixi ədavəti, həm də rəqabəti var. Yəni tərəflərin yaxınlaşa biləcəyi məqamlar olsa da, uzunmüddətli bir blokda qalmaq çətin görünür. Ən önəmli məqamlardan biri də budur ki, ABŞ bu prosesdə maraqlı olsa belə, tərəflərin öz aralarındakı fikir ayrılıqlarını aşması mənə görə çətin görünür. Amma Türkiyənin Yaxın Şərqdə əməkdaşlıq etdiyi müxtəlif platformalar olub. Məsələn, Atatürk dövründə Səadabad Paktı mövcud idi. Türkiyə, İran və İraq arasında imzalanmışdı və qarşılıqlı dostluq və təhlükəsizlik sazişi kimi dəyərləndirilirdi.
Bu tipli sazişlər tarix boyu olub. Türkiyə tarixində də bunun bənzərləri var. Mən bunu daha çox Səadabad Paktına bənzədirəm. Amma bunun NATO-ya alternativ olması və ya NATO-ya zərər vuracağı ilə bağlı iddialar inandırıcı görünmür". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr