AZ

Hazır turşular sağlamlıq riskini artırır - AÇIQLAMA

Hazır turşu yeyəndə çoxumuz tərəvəzdir deyib rahatlayırıq. Amma buradakı məsələ tərəvəzdən çox duzlu məhsul olmasıdır. Hazır turşuların çoxu xeyli duzlu olur. Bir dəfə-iki dəfə yesən, heç nə hiss etməyə də bilərik. Gizli tərəfi odur ki, duz gün ərzində başqa qidalardan da yığılır. Çörək, pendir, kolbasa, souslar və digər qidalardan da duz qəbul etmiş oluruq. Bununla da təzyiqin yuxarı qalxması müşahidə olunur. Təzyiq yüksələndə isə böyrəklər də daha çox yüklənir. İnsan bunu dərhal hiss etmir, ona görə gizli risk kimi qalır.

Hazır turşuların zərərləri barədə qida eksperti Asim Vəliyev Missiya.Az-a danışıb.

"Sirkə və turşuluq daha çox mədəsi həssas olanlara toxunur. Digər məsələ konservantlar və dad gücləndiricilərlə bağlıdır. Konservantın işi məhsulu xarab olmadan saxlamaqdır, yəni mikroorqanizmlərin çoxalmasını yavaşladır. Nəzəri olaraq bu hal bağırsaqda yaşayan bəzi faydalı bakteriyalara da təsir göstərə bilər. Amma real həyatda təsir hər kəsdə eyni olmur. Çünki burada doza vacibdir. Az miqdar, arada-bir yeyilirsə, mikrobiotaya böyük zərbə gözləmək çox vaxt düzgün çıxmır. Üstəlik, bağırsaq florasına ən çox təsir edən şey tək bir turşu qabı deyil, ümumi qidalanmadır. Lif azdırsa, tərəvəz müxtəlifliyi yoxdursa, şəkər çoxdursa, antibiotik tez-tez istifadə olunubsa, mikrobiota daha çox buna reaksiya verir",-ekspert bildirib.

Asim Vəliyevin sözlərinə görə, evdə hazırlanan turşu ilə sənaye turşusu arasında əsas fərq var. Evdə sən nə qədər ərzaq qatdığının miqdarını bilirsən. Sənaye məhsulunda isə stabil saxlanma üçün duz, turşu tənzimləyiciləri və bəzən konservantlardan istifadə olunur. Dad da daha standart olsun deyə əlavə maddələr də qatıla bilər. Digər tərəfdən, sənaye məhsulunda gigiyena və nəzarət adətən daha sistemli olur.

"Evdə turşu hazırlayanda isə təmizlik, düzgün duz nisbəti və saxlanma şəraiti pozularsa, keyfiyyət problemi çıxa bilər. İstehlakçı seçim edəndə ən praktik yanaşma etiketdə duza baxmaq, tərkib siyahısını oxumaqdır",-A.Vəliyev əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr