Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Azərbaycanda sosial vəziyyətdən narazılıq edən vətəndaşların müxalifətin təşkilatçılığı ilə mitinq keçirləcəkləri barədə məlumatlara münasibət bildirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda radikal müxalifət bir qayda olaraq blogerliklə məşğuldur.
A.Mirzəzadə qeyd edib ki, müxalifətin auditoriyası böyük deyil: “Çalışırlar ki, cəmiyyətdə hakimiyyətdən narazılıq, qarşıdurma yaratsınlar, Azərbaycan cəmiyyətini vətəndaş qarşıdurmasına gətirib çıxarsınlar. Amma istəkləri baş tutmayacaq. Çünki Azərbaycan dövləti cəmiyyət və dövlət qarşısında duran məsələləri uğurla həll edir. Torpaqlarımız işğaldan azad olunub, Azərbaycan manatı stabildir, iş yerləri açılır, işğaldan azad olunan ərazilərə artıq 70 mindən çox insan köçürülüb. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu böyükdür. Radikal müxalifətin keçirdiyi saxta sorğular yox, beynəlxalq sorğu mərkəzlərinin Azərbaycanda yeni keçirdikləri sorğuların nəticəsi göstərir ki, ölkədə ən böyük nüfuza malik siyasətçi Prezident İlham Əliyevdir. O, seçkilərdə böyük faizlə qalib gəlir, çünki rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası parlament və bələdiyyələrdə çoxluğa malikdir. Azərbaycan gələcəyini cənab Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasətini həyata keçirməsində görür. Radikal müxalifətin guya keçirdiyi saxta rəy sorğusu internetdə bir-iki günlük bir qrup insanın müzakirəsindən o tərəfə keçməyəcək”.
Aytəkin Qardaşova