AZ

Kiçik Çillə, yəni Yalquzaq ayı başlayıb


“Dünən Böyük Çillə-Qaraqış başa çatdı,  artıq Kiçik Çillə, yəni Yalquzaq ayı başlayıb”.

 

Bunu 365news.az saytına açıqlamasında tarixçi-etnoraf, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev deyib.

 

O bildirib ki, mifoloji dünyagörüşə görə, göydən işığın içində gələn qurd Günəşlə bağlı olsa da, eyni zamanda qışı təmsil edir, belə ziddiyyətlərlə assosiasiya olunan qurda “yalquzaq” deyirlər: 


“Yalquzaq ayı fevralın 1-dən 20-dək davam edir, bu günlərdə üç oğru çərşənbə səssiz-səmirsiz gəlib-keçir. Boz Ay bozara-bozara gələndə isə doğru çərşənbələr yada düşür. Xalq arasında “qışın oğlan çağı” deyilən Kiçik Çillə boranı-tufanı, şaxta-sazağı ilə özünü göstərir. Həmin günlərə “Yalquzaq zamanı” deyilir. Bu çillə qışın ən soyuq, insanların ən ən üzgün dövrü və azuqənin qənimi sayılır. Kiçik Çillənin “Xıdır Nəbi” adlanan birinci ongünlüyü qış fəslinin ən sərt, çovğunlu vaxtıdır.


 Böyük Çillə deyir ki, “Adamları üşütdüm, mal-heyvanın tayalarını yarıladım, qovurma küpəsinin başını endirdim, köhnə taxtalarını sökdürüb yandırtdım”.

 Kiçik Çillə narazı qalır: “Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam”.

 Böyük Çillə bildirir: “Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır”. Yalquzaq dediyini edir, amma qarşıdan çərşənbələr gəlir. Təxminən fevralın 15-dən qışın hökmü azalmağa başlayır. Kiçik Çillə başlayanda Novruza 50 gün qalır. Deyirlər ki, “Əlli gün Novruza, yüz əlli gün biçinə kimi”.

 

Gülşən Məmmədoğlu

 

 

Seçilən
0
news365.az

1Mənbələr