AZ

Banklar kibercinayət riskləri barədə vətəndaşları əvvəlcədən məlumatlandırmır - Deputat

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Azərbaycanda kibercinayətkarlıq riskləri ilə bağlı vətəndaşların kifayət qədər məlumatlandırılmadığını bildirib və bu sahədə bankların hüquqi öhdəliklərinin gücləndirilməsini təklif edib.

Deputatın sözlərinə görə, ictimaiyyətdə “hər kəs kibercinayətkarlığın qurbanı ola bilər” fikri səslənsə də, real risklər və mexanizmlər barədə nə banklar, nə də digər qurumlar tərəfindən sistemli məlumat verilir.

O vurğulayıb ki, kibercinayətkar şəbəkələrdə təkcə fərdi şəxslər deyil, bank sektorunda çalışmış şəxslər və hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları da yer ala bilir.

Qüdrət Həsənquliyev əlavə edib ki, onun malik olduğu məlumatlara əsasən, kibercinayətkarlıq fəaliyyəti ilə məşğul olan qruplarda Azərbaycanla dost ölkələrin hüquq-mühafizə orqanlarının sabiq əməkdaşlarının da iştirak etdiyi hallar mövcuddur.

Deputat hesab edir ki, mövcud vəziyyət “Banklar haqqında” qanunvericiliyə dəyişiklik edilməsini zəruri edir. Onun fikrincə, bankların qarşısında konkret hüquqi öhdəlik qoyulmalı və vətəndaşlar kibercinayət riskləri, fırıldaqçılıq sxemləri və qorunma mexanizmləri barədə əvvəlcədən, açıq və sistemli şəkildə məlumatlandırılmalıdır.

Deputatın mövqeyinə görə, bu cür yanaşma həm vətəndaşların maliyyə təhlükəsizliyini artırar, həm də bank sektoruna olan ictimai etimadı gücləndirə bilər.

Gülnar Nazimqızı 

Seçilən
3
anews.az

1Mənbələr