AZ

Ekspert: Azərbaycanın şirin su ehtiyatları ölkə ərazisi üzrə qeyri-bərabər cəmləşib

Bakı, 2 fevral, P.Qafarova, AZƏRTAC

Azərbaycanın şirin su ehtiyatları ölkə ərazisi üzrə qeyri-bərabər şəkildə cəmləşib. Ölkənin əsas şirin su ehtiyatları səth suları – Kür və Araz çayları və onların qolları hesabına formalaşır. Ümumi su ehtiyatlarının böyük hissəsi məhz bu çay hövzələrində toplanır ki, bu da regionlar üzrə su təminatında ciddi fərqlilik yaradır.

Bu barədə AZƏRTAC-a açıqlamasında geoloji mühəndislik və hidrogeologiya üzrə ixtisaslaşmış layihə meneceri-hidrogeoloq Fikrət Dünyamalıyev bildirib.

Onun sözlərinə görə, şirin su ehtiyatlarının nisbətən daha çox cəmləşdiyi ərazilər Böyük Qafqazın cənub yamacları, Kiçik Qafqazın dağlıq zonaları və Talış dağlarıdır. Bu bölgələrdə yağıntıların nisbətən bol olması və əlverişli təbii su toplayıcı şərait səth və yeraltı suların formalaşması üçün imkan yaradır. Aran zonası, Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikası isə şirin su ehtiyatlarının məhdud olduğu ərazilər sırasındadır və bu bölgələrdə su təminatı əsasən yeraltı sular hesabına həyata keçirilir.

F.Dünyamalıyev diqqətə çatdırıb ki, Azərbaycanın şirin su ehtiyatlarının əhəmiyyətli hissəsinin ölkə hüdudlarından kənarda formalaşması, yəni transsərhəd çayların payına düşməsi su resurslarının idarə olunmasında əlavə risklər yaradır. Bu amil səmərəli və elmi əsaslara söykənən su idarəçiliyinin vacibliyini daha da ön plana çıxarır.

Ekspert qeyd edib ki, qlobal iqlim dəyişikliyi su ehtiyatlarına təzyiq göstərən əsas amillərdən biridir və bu proses Azərbaycan üçün də istisna deyil. Orta illik temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi, quraqlıq dövrlərinin uzanması və ekstremal hava hadisələrinin artması su balansının pozulmasına səbəb olur. Nəticədə həm səth, həm də yeraltı su ehtiyatlarının azalması riski güclənir.

Onun sözlərinə görə, su qıtlığı riskləri daha çox Aran zonasında, Abşeron yarımadasında, Kür-Araz ovalığında və Naxçıvan Muxtar Respublikasında hiss olunur. Dağlıq ərazilərdə isə temperaturun artması qar və buzlaq ehtiyatlarının azalmasına gətirib çıxarır ki, bu da uzunmüddətli perspektivdə çayların qidalanma imkanlarını zəiflədir və su təhlükəsizliyinə əlavə təhdid yaradır.

Fikrət Dünyamalıyev vurğulayıb ki, mövcud risklər fonunda su ehtiyatlarının qorunması, monitorinqi və dayanıqlı idarə olunması Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Seçilən
22
1
azertag.az

2Mənbələr