Bakı, 2 fevral, AZƏRTAC
Martın 16-17-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Sadıq bəy Ağabəyzadə - XX əsr şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans zamanı, həmçinin Sadıq bəy Ağabəyzadənin sənədlərindən ibarət sərgi təşkil olunacaq.
Birinci Dünya müharibəsinin iştirakçısı, general-mayor, Azərbaycan Cümhuriyyəti dövrü tanınmış dövlət xadimi Sadıq bəy Ağabəyzadə (1865-1944) eyni zamanda görkəmli şərqşünas alim, ərəb, fars, türk dilləri üzrə mütəxəssis, Polşa şərqşünaslıq elmində xüsusi yeri olan Lvov elmi məktəbinin yaradıcılarından biri kimi şöhrət qazanıb.
Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş konfransın təşkilatçıları Şərqşünaslıq İnstitutu, AMEA Rəyasət Heyəti aparatı Elmi İrs Mərkəzi, Polşa Elmlər Akademiyası, Krakov Yagellon Universitetinin Şərqşünaslıq fakültəsi və Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin Azərbaycan Araşdırmaları Mərkəzidir.
Konfransa Sadıq Bəy Ağabəyzadənin həyat və yaradıcılığı ilə bağlı müxtəlif istiqamətlərdə məruzə tezisləri qəbul olunur. Tezislərin 300-400 söz, Times New Romanla 12 şriftilə 300-400 söz həcmində olması tələb edilir. Tezislər fevralın 15-dək [email protected] e-poçt ünvanına göndərilməlidir.
Konfransda iştirak ödənişsizdir.