AZ

"Biz bitərəfliyimizi qorumalıyıq" -Konfliktoloq ABŞ-İran gərginliyindən DANIŞDI

Azərbaycan Prezidenti İlham Əliyev ötən günlərdə İran Prezidenti Məsud Pezeşkiana zəng edib. Dövlət başçısı bölgədə yaranmış vəziyyətdən narahat olduğunu və Azərbaycanın gərginliyi aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu qeyd edib.

Bəs Azərbaycan AB və İran arasında gərginliyin aradan qaldırılmasına necə töhfə verə bilər? Hansı yollardan istifafə edilə bilər?

Eyni zamanda, ABŞ-İran məsələsində Azərbaycanın mövqeyi necə olmalıdır?

Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov Redaktor.az-a açıqlamasında vurğuladı ki, Azərbaycan regionun ən nüfuzlu və beynəlxalq aləmdə bütün tərəflərlə sıx əməkdaşlıq edən dövlətidir:

"Cənab prezident eyni zamanda ABŞ Prezidenti Donald Trampın yaratdığı Sülh Şurasının üzvüdür. Şuraya münasibətimiz müsbətdir. Trampla cənab prezidentin münasibətləri də yaxşıdır. Bizim yalnız töhfəmiz ondan ibarət ola bilər ki, bu regionda yaranmış gərginliyin nisbətən sabitləşdirilməsi və bütün mübahisəli məsələlərin danışıqlar yolu ilə həll olunmasında Azərbaycan vasitəçilik edə bilər. Bu baxımdan böyük töhfəmiz o olar ki, bu gərginlik regionda böyük bir müharibəyə çevrilməsin. Çünki İranla Amerika böyük müharibəyə cəlb olunarsa, bu, bütün bölgəyə təsir göstərə biləcək bir məsələ olacaq və qlobal problemə çevriləcək. Bu, ilk növbədə bizim cənubdakı soydaşlarımızla da bağlıdır və Azərbaycana da çox mənfi təsir göstərə biləcək bir hadisədir. Həmçinin cənab prezident bəyan etdi ki, Azərbaycanın ərazisindən digər bir üçüncü tərəfə qarşı hər hansı bir addım atmaq üçün istifadə olunmasına imkan verməyəcəyik. Bu, çox doğru fikirdir və münaqişədən biz maksimum dərəcədə kənar qalmaq variantını seçməliyik. Vəziyyət hərbi münaqişə və müharibə vəziyyətinə gələrsə, biz bitərəfliyimizi qorumalıyıq. Problemin yalnız danışıqlar yolu ilə həll olunmasına nail olmalıyıq. İnanıram ki, Azərbaycan bunun öhdəsindən maksimum səviyyədə gələ biləcək bir siyasət yürüdür və biz hər zaman xarici siyasətimizdə balanslaşdırılmış siyasət həyata keçiririk. Qərblə də, Şərqlə də, bütün region dövlətləri ilə də, eyni zamanda dünyanın böyük dövlətləri ilə də əməkdaşlığımız yüksək səviyyədədir".

Aytəkin TOFİQQIZI

Seçilən
21
1
redaktor.az

2Mənbələr